Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib
Millət vəkili Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsinin qonağı olub.
AFN xəbər verir ki, Bakı Dövlət Universitetinin rəhbərliyinə, bu tədbiri təşkil edənlərə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlərini söyləyib. Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və gənclərimiz oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!
Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan millət vəkili Q.Paşayeva torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində daha çox çalışmalıyıq deyib və bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr barədə də danışıb.
Millət vəkili Q.Paşayeva deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda gənclər üçün kitab hədiyyə gətirdiyini deyib və onlara uğurlar diləyib.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz: