Tək torpağın deyil, havanın da köksündə qarayaraya çevrilən qida tullantıları...


Hazırda baş verən qlobal iqlim dəyişmələrini və onun yaratdığı fəsadları hər kəs öz gündəlik həyatında hiss edir. Artıq ilin, sadəcə, iki fəsildən – qış və yaydan ibarət olması barədə insanlarda müəyyən təsəvvür formalaşmağa başlayıb. Yaz və payız sanki yoxa çıxıb. Digər tərəfdən, dünyanın bir tərəfində davamlı yağışlar səbəbindən yaranan sel və daşqınlar, digər tərəfində həftələrlə sürən anomal isti havalar, həmçinin kəskin şaxta və soyuqlar insanların həyatına son qoyur, onların yaşam şərtlərini ağırlaşdırır.


Qlobal iqlim dəyişmələrinin yaranmasına səbəb olan amıllər çoxdur və təbii ki, bir yazıda bunların hamısı haqqında məlumat vermək mümkün deyil. Ona görə də bu yazımızda biz qida tullantılarının ətraf mühitə vurduğu zərərlər və yaratdığı fəsadlardan bəhs edəcəyik.

Milyonlarla insan aclıqdan əziyyət çəkir

Dünya əhalisinin sayı hər il durmadan artır, təbii resurslar isə getdikcə azalır. Bu səbəbdən də qlobal yoxsulluq və aclıq qarşısıalınmaz bir prosesə çevrilib. Kənd təsərrüfatı məhsullarının istehsalı son 50 ildə təxminən 300 faiz artsa da, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmada vəziyyət - 2023” adlı hesabatında qeyd olunan son məlumatlara görə, dünyada orta hesabla 735 milyon insan aclıqdan və doyunca yeməməzlikdən əziyyət çəkir. Eyni zamanda da çox böyük miqdarda yeməli qida itkiyə və ya tullantıya çevrilir.
Qurumun hesablamalarına əsasən, dünyada hər il 1,3 milyard ton ərzaq itkiyə gedir. Bildirilir ki, hər il itirilən və ya israf edilən qidanı yetişdirmək üçün lazım olan suyun bütün həcmi Rusiyadakı Volqa çayının illik axınına bərabərdir və ya Cenevrə gölünün ölçüsündən üç dəfə böyükdür.
BMT-nin Ətraf Mühit Proqramının 2021-ci ildə açıqladığı sonuncu “Qida tullantıları indeksi 2021” hesabatından isə aydın olur ki, hesabatın əhatə etdiyi 2019-cu il ərzində 931 milyon ton qida məhsulu zibilə çevrilib. Bu tullantıların miqyası barədə təsəvvür yaratmaq üçün hesabatda bildirilir ki, həmin tullantıları daşımaqdan ötrü 40 ton tutumlu 23 mindən çox yük maşını gərək olardı.
Qida tullantıları təkcə resursların tükənməsinə, aclığa və yoxsulluğa yol açmır, eyni zamanda ciddi ekoloji problemlər yaradır. Belə ki, atmosferdəki zərərli qazların təxminən 10 faizi məhz qida tullantılarından qaynaqlanır.
Hesabatdan o da aydın olur ki, evlərdə yaranan qida tullantıları ilə bağlı problem gəlir dərəcəsinə baxmadan, əslində bütün ölkələrdə müşahidə olunur. Aparılan hesablamalar nəticəsində məlum olub ki, nisbətən daha yüksək gəlirli və evdən kənarda yemək mədəniyyəti olan ölkələrin xidmət sektorunda qida tullantıları daha çox gözə çarpıb. Məsələn, xidmət sektorunda formalaşan qida tullantılarının dünya üzrə adambaşına ortalama göstəricisi 32 kiloqram olduğu halda, ABŞ-da bu rəqəm iki dəfə çox, yəni 64 kiloqram olub.


Qida israfçılığının əsas səbəbi isə qida istehsalının dünya üzrə qeyri-bərabər paylanmasıdır: qidanın çox mühüm hissəsi Avropada, Asiyanın inkişaf etməkdə olan ölkələrində və ABŞ-da istehsal olunur. Elə ən çox istehlak da bu ölkələrdədir – 4-də biri tullanmaq şərtilə. Halbuki BMT-nin məlumatına əsasən, Asiya və Afrikanın kasıb ölkələrində 800 milyon insan aclıq çəkir. Dünya əhalisinin hər 9 nəfərindən biri daim doyunca yeməməyə məcburdur. Halbuki tullantıya çevrilən qida məhsullarının cəmi 25 faizi ilə onların hamısının illik qidalanması təmin oluna bilər.
Hesablamalara görə, hər il tullantıya çevrilən qida məhsullarını yetişdirmək üçün Çinin ərazisi boyda torpaqdan, dünyada dövr edən şirin suyun 25 faizindən istifadə olunur.
BMT qida israfı ilə bağlı yaranmış təhlükəli vəziyyətlə əlaqədar həm hökumətləri, həm istehsalçıları, həm də istehlakçıları daha məsuliyyətli davranmağa çağırır. Qurumun 2030-cu ilədək müəyyənləşdirdiyi hədəflərdən biri də adambaşına düşən qida israfının iki dəfə azaldılmasıdır.
Bir çox inkişaf etmiş ölkələrdə qida israfçılığına qarşı tədbirlər gücləndirilir. ABŞ, Çin və bir sıra digər ölkələrdə qida tullantısına görə ictimai iaşə obyektlərinə vergi tətbiq olunur: tullantı çox olduqca, verginin dərəcəsi də yüksəlir.

Avropa Komissiyası həyəcan təbili çalır...

Avropa Komissiyası isə bu ilin yayında əsas təbii resurslardan, xüsusilə də ərzaq sistemi, kənd təsərrüfatından dayanıqlı istifadə, qida və tekstil tullantılarının azaldılmasını nəzərdə tutan tədbirlər paketini təsdiqləyib. Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Avropada qida və tekstil tullantılarının böyük həcmdə olduğunu deyir: “30 milyon avropalı gündəlik normal qidalana bilmədiyi, dünyada aclıq yenidən gücləndiyi bir dövrdə bu qədər qida tullantısı yaratmaq, sadəcə, qəbulolunmazdır”.
Avropa Komissiyası Avropa Birliyinə üzv dövlətlərə 2030-cu ilədək emal və istehsal prosesində qida tullantılarını 2020-ci illə müqayisədə 10 faiz, pərakəndə ticarət, restoran, ictimai iaşə, ev təsərrüfatlarında isə 30 faiz azaldılması öhdəliyi müəyyənləşdirib. Avropa statistika qurumu olan “Eurostat”ın məlumatına əsasən, 2020-ci ildə Avropa Birliyində adambaşına 131 kq qida tullantısı yaranıb. Bu, 132 milyard avroluq qida məhsulları deməkdir. Qurumun hesablamalarına görə, ev təsərrüfatları, pərakəndə ticarət və restoranlarda qidanın 10 faizi tullantıya çevrilir.
Avropa Komissiyasının hazırladığı tədbirlər paketində qida və tekstil məhsullarından, sudan, gübrələrdən qənaətlə istifadə nəzərdə tutulur. Bu isə son nəticədə atmosferə atılan istixana qazlarının həcminin azalmasını şərtləndirəcək.

Qida tullantılarının həcminə görə Azərbaycan bir çox ölkələri geridə qoyur

Hesabatın nəticəsinə görə, 2019-cu il ərzində Azərbaycanda adambaşına 93 kiloqram, toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub. Həmin göstərici ilə Azərbaycan aşağı nəticəli “az etibarlı” (low confidence) ölkələr qrupuna aid edilib. Müqayisə üçün qeyd edək ki, Amerika qitəsindəki ölkələrdə qida tullantıları ilə bağlı adambaşına düşən orta göstərici 69; Şərqi Avropada 61; Qərbi Avropada 65; Cənubi Asiyada 66; Şərqi Asiyada 64 kiloqram olub. Postsovet ölkələri arasında isə Azərbaycan, Tacikistan və Gürcüstandan sonra Ermənistanla birlikdə 3-cü yerdə qərarlaşıb.


Qeyd edək ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiya hazırlayıb. KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədovanın sözlərinə görə, sənəd “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması layihəsi” çərçivəsində hazırlanıb. Strategiya hökumətin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün 2030-cu ilə qədər ərzaq tullantılarını 50 faiz, eyni zamanda qida təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə hazırlanıb.
Strategiyada təqdim edilən yanaşma qida tədarükü zəncirinin bütün mərhələlərinə - istehsal, emal, paylama və istehlak dövrünə diqqət yetirməklə qida itkisini azaltmağa yönəldilib. Strategiya həmçinin qida istehsalına sərmayə qoyulan resursların təmin olunması və optimallaşdırılmasına şərait yaradan dairəvi dəyər zəncirinə keçidi dəstəkləyir. Bundan əlavə, strategiyaya qida itkisinin idarəedilməsinin tənzimlənməsinin təkmilləşdirilməsi, qida tədarük zəncirlərinin səmərəliliyinin artırılması, qida məhsullarının bərpası və yenidən bölüşdürülməsi sisteminin yaradılması, problemin qarşısını almaq məqsədilə qida dəyər zənciri iştirakçıları və ictimaiyyət arasında məlumatlılığın artırılması və qida itkisinə nəzarət etmək, ölçmək və hesabat vermək məqsədilə milli potensialın gücləndirilməsi tədbirləri daxildir.

Qida Təhlükəsizliyi Agentliyi yoxlayır, nəzarət edir, zərərsizləşdirir...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış nəzarət tədbirləri çərçivəsində ötən 5 ildə, yəni 2018-2023-cü ilin ötən dövrü ərzində 18 329.3 ton, 2 390 762.7 litr və 451 868 ədəd məhsul məhv edilib, 35 313.3 ton və 1 132.5 litr məhsul utilizasiya olunub. 138 022.6 ton, 157 321 ədəd və 15 314.6 m3 (kubmetr) fitosanitar nəzarətinə aid məhsul zərərsizləşdirilib.


Agentlikdən aldığımız məlumata görə, məhvetmə agentliyin nümayəndələrinin iştirakı ilə qida subyektləri və ya onun səlahiyyətli nümayəndələri tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi yolu ilə həyata keçirilir. Sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən qida və yem məhsulları zərərsizləşdirilərək məhv edilir. Məhvetmə “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir və müvafiq sənədlərlə rəsmiləşdirilir. Belə ki, AQTA tərəfindən aparılan yoxlama-nəzarət tədbirləri zamanı istehlaka yararsız məhsulların, həmçinin sahibkarların müraciəti əsasında istifadə müddəti bitmiş məhsulların məhv edilməsi prosesi ictimaiyyət nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə təmin olunur. Həmin məlumatlar fotoşəkillərlə gündəlik olaraq agentliyin rəsmi saytına da yerləşdirilir.
Agentlik tərəfindən qida tullantılarının idarəedilməsi ilə bağlı təlimlər təşkil olunur. Bu təlimlərə əsasən sahibkarlar cəlb edilir. Bundan əlavə, qurum SOVQAT adlı layihə həyata keçirir. Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi adlanan layihənin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Yanlış marketinq siyasəti, müştəri narazılığı, israfa gedən ərzaqlar...

İş yerimizin yaxınlığında böyük bir supermarket şəbəkəsinin o qədər böyük olmayan marketi fəaliyyət göstərir. Tez-tez market işçilərinin araba ilə vaxtı keçmiş məhsulları yan tərəfdəki zibilliyə atdığının şahidi oluruq. Bu ərzaqların əksəriyyəti kənd təsərrüfatı məhsulları olsa da, içərisində bir çox hallarda vaxtı keçmiş düyü, makaron, vermeşil, çörək və s. məmulatları da olur. Bir dəfə market işçisindən soruşdum ki, bu məhsulların bitmə tarixinə az müddət qalanda endirimli qiymətlə satışa qoysanız daha yaxşı olmazmı? Bundan həm şirkət xeyir götürər, həm də kasıb insanlar alaraq qarınlarını doyurar. Market işçisi başını bulayaraq, “belə məsələlərə rəhbərlik qərar verir, biz qarışmırıq” dedi.


Təbii ki, bu, işçilərin günahı deyil, market rəhbərliyinin düzgün olmayan marketinq siyasətinin nəticəsidir. Bəs belə halların qarşısının alınması üçün aidiyyəti qurumlar hər hansı maarifləndirmə tədbirləri həyata keçirirmi? Market rəhbərliyi daha az ərzağın itkiyə getməsi üçün hansı tədbirləri görür?
“Qarand-Bizim marketlər” şəbəkəsinin Yasamal filialının müdir müavini Nurəddin Qasımov deyir ki, market olaraq mümkün qədər ərzaq itkisinin az olmasına çalışırlar. Çünki bu, maddi baxımdan şirkətə ziyan vurur: “Əvvəllər müddətinin bitməyinə az qalmış məhsulları endirimli qiymətlərlə satışa qoyurduq. Amma bu bəzi müştərilərin narazılığına səbəb olurdu. Onların bəziləri hətta vitrindəki məhsulun bitmə tarixini telefona çəkib sosial şəbəkələrdə paylaşırdı. Bu isə təbii olaraq bizim müştəri itirməyimizə gətirib çıxarırdı. Ona görə indi çalışırıq xüsusilə kənd təsərrüfatı məhsullarını müştəri tələbatına əsasən götürək. Digər ərzaq məhsullarını isə müddətinin bitməsinə az qalmış firmaların özünə qaytarırıq”.
Nurəddin Qasımov Qida Təhlükəsizliyi Agentliyi ilə yaxından əməkdaşlıq etdiklərini də deyir. Onun sözlərinə görə, hər ay agentliyin nümayəndəsi gəlib marketə nəzarət edir, duruma uyğun olaraq öz tövsiyələrini çatdırır.

Maarifləndirmə layihələri qidanı israf edən insanları əhatə etmir



Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın fikrincə, qida israfı qidaların düzgün paylanmamasından və qida tullantılarının düzgün idarə olunmamasından yaranır. Bir çox ölkələrlə yanaşı, Azərbaycanda da qida israfının qarşısının alınması ilə bağlı müəyyən işlər görülür: “Əsasən maarifləndirmə tipli layihələr həyata keçirilir. Lakin bu layihələr müəyyən bir auditoriyanı əhatə edir, məlumatlar heç də məhz qidanı israf edən insanlara çatmır. Əgər sorğular aparılsa, hər kəsin günlük istifadə etdiyi çörəyin belə nə qədər israfa getdiyi aydınlaşar. Hesab edirəm ki, istehsalçı şirkətlər daha çox buna diqqət etməlidir. Çünki bəzən istehsal uyğunsuzluğu, yaxud qaydalara düzgün əməl olunmaması nəticəsində tonlarla müddəti keçmiş qidaların utilizasiyası həyata keçirilir. Digər bir məqam bizim toy və yas məclislərimizdir. Süfrəyə həddindən çox miqdarda və çeşiddə qidaların düzülməsi, bunların da əksər hissəsinin istifadə olunmaması tullantıya getməsinə səbəb olur.
Qida tullantılarının idarə olunması üçün qanunvericilikdə müəyyən qaydalar nəzərdə tutulsa da, istehsalçılar və ictimai-iaşə müəssisələrinin rəhbərləri bu qaydalara əməl etmir. Bunun da səbəbi odur ki, qanunda müəyyən boşluqlar var. Hesab edirəm ki, maarifləndirmə bütün sahələri əhatə etməlidir”.
bu qaydalara əməl etmir. Bunun da səbəbi odur ki, qanunda müəyyən boşluqlar var. Hesab edirəm ki, maarifləndirmə bütün sahələri əhatə etməlidir”.

***

Qida tullantılarında ən həlledici amil insanların qida ehtiyaclarını səhv hesablamasıdır. Bu tullantıların əsas mənbəyi ayrı-ayrı şəxslərin öz ehtiyaclarına uyğun alış-veriş etməmələri, artıq və istifadə olunmayan qidaların atılması və ya çürüməyə buraxılmasıdır. Bu problem bizim hər birimizdən qaynaqlanır. Ona görə də gündəlik həyatımızda ehtiyaclarımızı düzgün müəyyənləşdirməli, “ağıllı” alış-veriş etməli, aldığımız ərzağı düzgün saxlamalı, qalıqları qiymətləndirməli və nəhayət, sıfır tullantı nəticəsinə nail olmalıyıq. Yalnız beləliklə dünyamızın və təbiətimizin, dolayısı ilə də özümüzün ömrümüzü uzada bilərik.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu