Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı


AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.



Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, bununla bağlı AMEA əməkdaşlarına ötən gün bu barədə məlumat verilib: "Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar”.

AMEA-nın əməkdaşları "Qafqazinfo”ya faktı təsdiqləyiblər və bildiriblər ki, artıq onlara torpağın əllərindən alınması barədə məlumat verilib: "Dünən bu məsələ ilə bağlı iclas keçirilib və qərar da orada verilib".

AMEA-nin Mətbuat və İnformasiya şöbəsinin əməkaşı Gülnar Hacıyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, özləri hər gün AMEA prezidenti Ramiz Mehdiyevlə görüşsələr də, belə bir məlumatdan xəbərsizdirlər: "Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardırlar. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır”.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən "Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu