Jurnalistlərin ədalətli ev bölgüsü mümkündürmü? - AÇIQLAMA


Jurnalistlərin ədalətli ev bölgüsü mümkündürmü? -


"Jurnalistlərin mükafatlandırılması və mənzil bölgüsünün düzgün aparılması üçün bircə yol var - o da ictimai komissiyanın yaranmasıdır".



Bunu Qaynarinfo-ya açıqlamasında professor, media eksperti Qulu Məhərrəmli Prezident İlham Əliyevin mətbuatın 145 illik yubileyi ilə bağlı sərəncamını şərh edərkən deyib. O bildirib ki, Prezidentin mətbuatın 145 illik yubileyi ilə bağlı sərəncamında iki mühüm məqam var: "Birincisi, sərəncamın mətnidir. Mətndə bu günə kimi olmayan rəsmi sənədlərdə medianın inkişaf tarixinə dair çox dəqiq detallar var. O cümlədən mətbuatın yaranışı və cümhuriyyət dövründə mətbuat azadlığı baxımından onun xüsusi mərhələ təşkil eləməsi... Bu, çox vacib məqamdır.

İkincisi, mətbuatımız hansı istiqamətdə getməlidir, nələrə diqqət yetirilməlidir, xüsusən multimediya şəraitində Azərbaycan mətbuatının vəzifələri ilə bağlı maraqlı detallar var. Hər halda mətbuatın yubilieyinin qeyd olunmasına diqqət təqdirəlayiqdir".

Jurnalistlərin mükafatlandırılmasına gəlincə isə Qulu Məhərrəmli məsələni şərh eləməkdə cətinlik çəkdiyini dedi:

"Niyə? Çünki son illər elə mühit yaranıb ki, mətbuat xadimləri daha çox mükafatlandırma, bəhrələnmə, ehtiyacların və maraqların ödənməsi ilə bağlı məsələlərin üzərundə çox dayanırlar. Burada da aydın kriteriyalar olmayanda ədalətsizliklər baş verir və jurnalistlər bu işin təşkilatçılarından narazı qalırlar. Mükafatlandırma və ev məsələsinin tərafdarı olmadığıma görə hər hansı fikir irəli sürməyə çətinlik çəkirəm".

Professor hesab edir ki, əvvəllər baş verən qanun pozuntuları, ədalətsizliklərin olmaması üçün seçimi dəqiq aparmaq lazımdır:

"Elə etmək lazımdır ki, heç kim narazı qalmasın. Mahiyyət etibarı ilə mükafatlandırma səlahiyyəti redaksiyalara tapşırılıb. Redaksiyaların obyektivliyinə ciddi şübhələr var. Çünki onlar çox vaxt yaxın adamlarını, katibəsini, sürücüsünü, bir sözlə, mətbuata aidiyyatı olmayan şəxslərin təqdimatını verir. Ən düzgün yol ictimai komissiyanın yaranmasıdır. Bu, çox önəmlidir".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması xüsusi önə çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu