Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət


2000-ci illərin əvvəllərində Bakıda başlayan tikinti bumu bir çoxları üçün “çörək yeri” oldu. Ölkənin müxtəlif bölgələrindən paytaxta gələn insanlar nəinki işləyib evlərinə qazanc apardılar, hətta ömürlük sənət öyrənməyə də vaxt tapdılar. Belə insanlardan biri də Biləsuvardan olan usta Vəlişov Həbibdir. 1980-ci ildə Biləsuvarın Bəydilli kəndində anadan olan H.Vəlişov 2000-ci ildə əsgərliyini başa vurduqdan sonra Bakıya gedərək tikintidə fəhlə işləməyə başlayıb. Elə fəhlə kimi işləyə-işləyə bu sənəti öyrənib. Hazırda Biləsuvarda necə deyərlər, adla çağırılan suvaq ustalarındandır. Hörgü, təmir işlərini də bacarır. Dostu ilə bir yerdə işləyir. “Evi 0-dan götürüb tam təmirli verə bilirik” deyən həmsöhbətimiz bildirdi ki, ustaların bəzisi çox vaxt hörgü işinə girişmirlər.



Bakıya təzə gələndə Gürcüstandan olan Qurban ustanın yanında işləyib, sənətin incəliklərini də ondan öyrənib. Lakin özü çox vaxt ona ünvanlanan “ustalığı kimdən öyrənmisən?” sualına “Mən bu işi kasıbçılıqdan öyrənmişəm, kasıbçılıq məni məcbur edib bu sənətə yiyələnməyə” deyə cavab verdiyini bildirir: “İlk dəfə çörək istehsalı müəssisəsində işləmək istədim. Sonra gördüm ustalıqda yaxşı pul var, keçdim bu sahəyə və başladım öyrənməyə. Uğurlu alındı işim. 7 ilə yaxın Bakıda qaldım işlədim. 2007-ci ildə rayona gəldim və burada işləməyə başladım. İndi rayonda hər kəs məni tanıyır.

Hazırda işlər azdır. Karantin qaydalarına, xəstəliyə görə. Karantindən əvvəl isə ev tikən, iş gördürən çox idi, iş sarıdan korluq çəkmirdik”.

Həbib ustanın övladları təhsilə meyilli olsalar da mövcud şəraitdə təhsildən uzaq düşüblər: “Məktəblər bağlı olduğuna görə təhsildən uzaq qalıblar. Evə internet çəkdirə bilmirəm deyə onlayn dərslərə qatıla bilmirlər. İki oğlum var, ikisi də anadangəlmə qaraciyər xəstəsidir. İlk övladım xəstəliyə görə yaşamadı. Sonra iki övladımın ikisini də Bakıda Pediatriya İnstitutunda bir yaxşı həkim vardı, o

sağaltdı. Pensiya alırdı ikisi də, birini kəsdilər, yenidən düzəltmək üçün müəyyən şərtlər qoydular deyə razılaşmadım”.

Həbib usta da təbii olaraq digər həmkarları kimi, Qarabağda aparılacaq tikinti-quruculuq işlərində böyük məmnuniyyətlə iştirak etməyə hazır olduğunu deyir.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu