12 yaşlı Elmira şəhid qızı statusu ala bilmir


Lənkəran rayonunun Biləsər kəndindən olan şəhid Emin Muradovun övladı 12 yaşlı Elmiranın sosial vəziyyətinin ağır olması ilə bağlı məlumatlar yayılıb. Bu barədə şəxsi feysbuk hesabında yazan bloqer Rizvan Şıxızadənin sözlərinə görə, hazırda 5-ci sinifdə oxuyan Elmira ailəsinə kömək etmək üçün hər gün iki dəfə meşəyə odun yığmağa gedir. İddiaya görə, uşaq 7 aylıq olanda ata və anası ondan imtina edib, azyaşlını ana nənəsi böyüdüb. Bu səbəbdən Elmira şəhid qızı statusu almaqda çətinlik çəkir.



Lənkəran Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev “Qafqazinfo”ya bildirib ki, Elmira Mirzəyeva şəhid Emin Muradovun nikahdankənar övladıdır. Ona şəhid övladı statusunun verilməsi üçün əvvəlcə atalığı müəyyən olunmalıdır: “Atalıq müəyyən olunmadığına görə uşağa şəhid övladı statusu verilməyib. Bunun üçün uşağın anası və ya qəyyumu bizə müraciət etməlidir. Bu məsələni hazırda nəzarətə götürmüşük, qəyyum müəyyənləşəcək. Atalığın müəyyənləşməsi üçün məhkəməyə müraciət olunmalıdır. Biz bununla bağlı da ailəyə hüquqi yardım göstərəcəyik”.

Əvvəllər bələdiyyə sədri işləmiş, hazırda həmin kəndin axundu olan Malik Babayevin saytımıza bildirdiyinə görə, şəhid övladı olduğu üçün Elmiraya kənd camaatı tərəfindən də müəyyən köməklik göstərilib: “Elmiranı ana nənəsi saxlayıb, böyüdüb. Lakin çox kasıb, fağır ailədirlər, maddi imkanları çox aşağıdır. Kənd camaatı onlara müəyyən qədər dəstək olub. Qızın həm anası, həm də atası sonradan ailə qurublar. Şəhidin sonrakı ailəsindən iki övladı var”.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Muradov Emin İbrahimağa oğlu 1986-cı ildə Lənkəranın Biləsər kəndində anadan olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu