Bu müqavilə jurnalistlərin xeyrinə olacaq – Yeni dəyişikliyin müzakirəsi


Milli Məclisin ikinci oxunuşunda olan, Əmək Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul olunub, Prezident tərəfindən təsdiqləndikdən sonra KİV-lərdə və QHT-lərdə (vətəndaş cəmiyyəti sektorunda) işçini mülki hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyulacaq. AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul deyib.




Onun sözlərinə görə, yeni dəyişikliklərdə nəzərdə tutulur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və bu münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: “Mülki hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. Bu günədək demək olar ki, bütün qəzet və saytlarda, eyni zamanda QHT-lərdə (Şuranın layihələri xaric) çox az işçinin rəsmiləşdirilməsi əmək müqaviləsi vasitəsilə reallaşdırılırdı. Belə qurumlarda çalışan işçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əmək haqqı deyil, xidmət haqqı alırdılar. Alırdılar deyəndə ki, hazırda da belədir.
Vergi Məcəlləsinə uyğun olaraq onlar əhaliyə yox, vergi ödəyicisinə (qəzetə, sayta, TV-yə, QHT-yə) xidmət göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilmir, gəlir vergisi ödəyicisinə çevrilirlər. Və aldıqları xidmət haqqı məbləğindən büdcəyə 5 faiz, məbləğdən asılı olmayaraq DSMF-yə aylıq 62,50 manat (1 yanvar 2021-ci ildən etibarən güzəşt ləğv olunduğuna görə) və icbari tibbi sığorta haqqı kimi 10 manat (1 yanvar 2021-ci ildən qüvvəyə minib) ödəyirlər.
Yeni dəyişikliklərdən sonra sadaladığım sektorlarda işəgötürən bütün işçilərlə əmək müqaviləsi bağlamalı və iş vaxtının rejiminə uyğun olaraq onlara sabit məbləğdə əmək haqqı ödəməlidir. QHT sektoru xidmət müqaviləsi bağlamasını layihə müddətinin qısa olması, ekspertin kənardan cəlb olunması ilə əsaslandırırdılar. Dəyişikliklər təsdiqləndikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq belə şəxslərlə müddətli əmək müqaviləsi bağlanılmalıdır. Razıyam ki, QHT-lərdə işəgötürən tərəfindən verilən təminatların (əmək qabiliyyətinin itirilməsinə görə müavinət, ödənişli məzuniyyətlərin haqqı, kompensasiyalar və sair) ödənilməsi mənbələri ilə bağlı çətinliklər var. Qeyd etdiyim sektorda 8000 manatdan yuxarı əmək haqqı real olmadığı üçün gəlir vergisi ilə bağlı büdcə qarşısında öhdəlik yaranmayacaq”.



Dəyişikliklər QHT və media sektorunda hansı problemləri yarada bilər, yaxud hansı üstünlükləri verəcək? Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov AFN-ə bildirdi ki, bununla işçinin mülki hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyacağını düşünmür: “O yerdə ki, işin, göstərilən xidmətin xarakteri, muzdlu işin xarakteri altına düşür, həmin yerlərdə işçilərlə muzdlu hüquqi müqavilə bağlamaq əvvəldən də pozuntu sayılırdı. İndi də bununla bir daha Əmək Məcəlləsində əlavə mexanizmlər artırırlar. Ancaq bunun da bir effekt verəcəyinə mən əmin deyiləm. Sadəcə mülki hüquqi müqavilələr o halda bağlanmalıdır ki, işçi o iş yeri ilə daima bağlı deyil, epizodik xarakter daşıyır. Yaxud o iş yerinin daimi ştatinda nəzərdə tutulmayıb. Yəni bu hallarda yalniz mülki hüquqi müqavilələr bağlamaq olar. Amma işçi muzdlu iş görürsə, səhər işə gedirsə, axşam qayıdırsa, idarədaxili qaydalara tabe olursa, deməli, o artıq müzdlu işçidir. Ona görə də bunun qarşısını almaq istəyirlər. Mən bunu səmərəli hesab eləmirəm, ancaq hər halda bu da bir cəhddir”.



Milli QHT Forumun prezidenti Rauf Zeyni bildirdi ki, ümumiyyətlə, istənilən qanunda, o cümlədən Əmək Məcəlləsində müəyyən dəyişiklik, təkmilləşmə ola bilər: “QHT-lərdə də qanundan irəli gələrək, qanun çərçivəsində əmək müqaviləsi ilə işçi götürürük, həm də ehtiyac olduğu halda xidməti müqavilə ilə işçilər götürük. Onsuz da QHT-lərdə iş yükü, layihələr demək olar ki, xeyli azalıb. Ancaq yenə də qəbul olunan qanun çərçivəsində xidməti müqavilə ilə işçi götürmək mümkün olmayacaqsa onda əmək müqaviləsi ilə götürüləcək. Hər halda, ölkədə Əmək Məcəlləsində hansısa dəyişiklik olursa, ölkə ona uyğunlaşırsa media da, QHT-lər də bu qanuna müvafiq hərəkət etmək məcburiyyətində qalacaq. Bir məsələ də var, qanuna hansısa əlavə və dəyişiklik olduqda ictimai müzakirədən keçməlidir, ƏƏSMN-in yeni İctimai Şurası bu məsələlərə aydınlıq gətirə, ehiyac varsa öz töhfələrini verə bilərlər”. Müsahibimiz onu da vurğuladı ki, ilboyu işləyən işçilər əmək müqaviləsi ilə çalışırlar: “Ehtiyac olduqda, qısamüddətli işçilərin də cəlb olunmasi vacibdir, onda xidməti müqavilə, yaxud hər hansi formada cəlb edirik. Ola bilsin ki, qanunda olunan dəyişikliklər, təkmilləşdirmə ölkədə gedən islahatların xeyrinə olacaq və o zaman biz də onu dəstəkləyəcəyik”.



“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bildirdi ki, burada söhbət daimi işçilərdən gedir: “Birdəfəlik işlərin görülməsi üçün ayrıca ştat cədvəli yaradılmır. Bu, çox ehtimal ki, vergilərlə bağlı olan bir məsələdir. Bu barədə söhbət çoxdan gəzir ki, məhdudiyyətlər tətbiq olunacaq. Ona görə də bunun tətbiqində gözlənilməz bir şey görmürəm. Hər şey qanunvericiliyin digər müddəalarının, vergi yüklərindən nə dərəcədə uzlaşacağından asılıdır. Ümumiyyətlə, bu müqavilə jurnalistlərin xeyrinə olacaq. Redaksiyalarda redaktorların jurnalistlərlə müqavilə bağlamamasının başqa bir səbəbi də hüquqla bağlıdır. Tutaq ki, hər hansı qısa müddətə xidməti müqavilə bağlandıqda bu bitdikdən sonra sorğu-sualsız müqaviləyə xitam verilir. Jurnalist asılı vəziyyətdə qalır ki, istənilən vaxt, müqavilənin vaxti bitən kimi işdən azad edəcəklər. Nə konpensasiya, nə də əlavə heç nə ala bilməyəcək. Jurnalistin hüququnun məhdudlaşdırılması ilə bağlı problem daha ciddi idi. Yəqin ki, bu onun qarşısını almağa da kömək edəcək. Artıq xeyli vaxtdır ki, bu cür əməkdaşları işə götürərkən online müqavilələr imzalanmalıdır. Buna baxmayaraq, xidməti müqavilə formalarından redaksiya rəhbərləri tərəfindən sui-istifadə halları çoxdur”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu