"Neftçi"nin futbolçusu ilə azarkeşlər arasındakı insidentin detalları bəlli olub
Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Sabah" matçından sonra flaqmanın futbolçusu Mirabdulla Abbasovla azarkeşlər arasında baş vermiş insidentin təfərrüatları bəlli olub.
Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, hadisə anlaşmazlıq səbəbindən baş verib.
Allahverdiyev bildirib ki, fanatlar həmin vaxt 26 yaşlı hücumçunu təhqir etmədiklərini söyləyiblər: "Forza Neftçi" azarkeşləri mənə dedi ki, "Sabah"ın futbolçusu vaxt apardığına görə ona təzyiq edirdik. Abbasov isə elə fikirləşib ki, onu söyürlər. Fanatların sözlərinə görə, futbolçu tribunaya qarşı əl hərəkəti edib. Bundan sonra fan-klub üzvlərindən biri meydana daxil olub. Mirabdulla isə bildirdi ki, həmin tribunada bir nəfər onu həqiqətən ağır ifadələrlə təhqir edib. Sonradan məlum oldu ki, sözügedən şəxs fan-klub üzvü deyil. Artıq "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə Mirabdulla Abbasov öz aralarında danışaraq vəziyyəti aydınlaşdırıblar".
Azarkeşlərin "Neftçi"nin baş məşqçisi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirən klub rəsmisi hazırda 43 yaşlı mütəxəssislə yolların ayrılmasının gündəmdə olmadığını söyləyib.
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü "ağ-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.