Fərqli səviyyələrə Şuşa əyarı - Qənirə Paşayeva yazır...
Şuşa Qlobal Media Forumu uğurla başa çatdı. Bu, Şuşada təşkil olunmuş artıq neçənci beynəlxalq tədbirdir. Hər ölkə belə format və məzmunda tədbir təşkil edə bilmir – edirsə də, tez-tez edə bilmir yaxud irimiqyaslı beynəlxalq tədbirlər adətən ölkə paytaxtlarında, böyük şəhərlərdə baş tutur. Nəzərə alsaq ki, Şuşanın Ermənistanın işğalından qurtuluşunun 3-cü ildönümü hələ tamam olmayıb və quruculuq, təmir-bərpa işləri davam edir – o zaman, Qlobal Media Forumunun baş tutmasının özü böyük hadisədir.
Bu uğur və hadisənin, ümumiyyətcə Foruma marağın ən önəmli səbəbi, heç şübhəsiz, onun mövzusu ilə yanaşı, dövlət başçısının Forumda iştirakı və oradakı nitqi idi. Prezident İlham Əliyev Forum iştirakçısı olan bəzi nüfuzlu KİV-lərə ayrıca müsahibə də verdi – irəlidə “China Global Television Network” televiziya kanalına müsahibənin misalında bu mövzuya toxunacağıq. Hələliksə, Şuşa Qlobal Media Forumu haqqında.
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun təşkili, Prezidentin Forumunun açılış mərasimindəki çıxışı o dəqiqələrdən etibarən yerli və beynəlxalq medianın diqqətindədir. Təəccüblü deyil ki, keçmiş işğalçı, revanşist xülyalardan əl çəkməmiş Ermənistan və dünya erməniliyi də Forum və Prezidentin çıxışı üzərindən növbəti Azərbaycanafob, Türkafob, İslamafob açıqlamalar, isterik çıxışlar edir... Amma Forum olsun-olmasın Ermənistan Ermənistan, erməni də ermənidir – biz bunu yaxşı bilirik, öz işimizi görürük. Əsas işlərdən biri, birincisi nədir? – Həqiqəti göstərmək, beynəlxalq ictimaiyyətə müqayisə imkanı yaratmaq! – Zatən o zaman kimin kim, nəyin nə olduğu öz-özündən gün kimi aydın olur. Şuşa Qlobal Media Forumunun təşkili, qonaqların gördükləri, şahidi olduqları, öyrəndikləri özü həqiqətlər sərgisi ilə yaxından tanış olmaq idi. Gəldilər, gördülər, göstərdilər və yazdılar. Gördülər ki, işğalla qurtuluş, torpağın (şəhərin) yiyəsi ilə yadellilər, vandalizmlə mədəniyyət nə qədər fərqli səviyyələrdir. Biz Xeyirlə Şərin fərqini gerçək müstəvi üzərində göstərmiş olduq. Azərbaycan Xeyri, işğalçı Ermənistan və havadarları Şəri təmsil və təcəssüm etdirir. Biz azadlıqdan abadlığa sürətli keçidi təmin etmişik, keçmiş işğalçı isə hələ də keçmişdə çabalayır – revanşizmdən tam qurtarmayıb və hesab edir ki, vandalizmi yenə davam etdirmək imkanları ola bilər. – Ermənistanın və Xankəndidəki bir ovuc separatçı tör-töküntüsünün çağırışlarını başqa necə yozmaq olar?
Əlbəttə, Xeyir Şərə qalib gəlib və üç onillik boyu Azərbaycana qəbul etdirilməsi mümkün olmayan şərtləri, oyunbazlıqları qalib Azərbaycana qəbul etdirmək mümkünsüzdür!
Azərbaycan-Türkiyə qardaşlığını taclandıran və eşi-bərabəri olmayan, hər iki ölkənin parlamentində ratifikasiya olunmuş Bəyannamə Şuşa şəhərinin adı ilə rəmzləşib: Şuşa Bəyannaməsi! – “İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur”. Prezidentin Şuşa Qlobal Media Forumunda müvafiq suala cavab olaraq dediyi bu sözlər bir daha göstərir ki, bəli, Azərbaycan-Türkiyə qardaşlığı yalnız bölgədə deyil, ümumən Avrasiyada və Yer üzündə etiraf olunmuş möhtəşəm hadisədir.
Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır!
Şuşa – Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtıdır!
Şuşa – əziz şəhərdir və bir şəhərdən daha artıq anlamları daşıyır. Müzəffər Ali Baş Komandanın dəyərləndirməsi ilə tanış olaq: “Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”!
Bəli, 30 illik işğala hərbi yolla son qoyulub, geridə qalan məsələlər diplomatik yolla həll olunmaq ərəfəsindədir və artıq (necə deyərlər) tələsməli olan tərəf biz deyilik. Biz, əlbəttə, sülh quruculuğuna çalışırıq, öz töhfələrimizlə çıxış edirik və bizim çağırışlarımız, yanaşmalarımız ədalətli sülhün formuludur. Bizim Ermənistandan fərqli olaraq soyqırım, işğal keçmişimiz yoxdur. İşğala son verən ölkənin səmimi sülh çağırışları yüksək dəyərə layiqdir. “Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur”.
Prezidentin başqa bir suala cavabında vurğuladığı kimi, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bizim sözümüz imzamız qədər keçərlidir. Ona görə də bizə güvənirlər: “Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir”.
İndi isə Prezident İlham Əliyevin Azərbaycan Mili Mətbuat Günündə - 22 iyulda “China Global Television Network”da yayımlanmış müsahibəsinə diqqət yetirək. Bu televiziya kanalının verdiyi suallar və əlbəttə, Prezidentin əhatəli cavabları həmin müsahibəni xüsusi diqqət mərkəzinə gətimişdir. Sözügedən TV-nin geniş auditoriyaya malik olması da nəzərdən qaçmamalıdır.
Ölkəmizin siyasi prioritetlərindən söz açan dövlət başçısı Çinli telejurnalistin sualına cavb olaraq dedi: “30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı”.
Doğrudan da, 30 il içində baş verən dəyişikliklər bəlkə 30 ilə sığmayan dəyişikliklərdir. Çox böyük hadisələrin, o cümlədən faktiki olaraq, yeni dünya nizamı və siyasi arxitekturasının qurulduğuna, dizayn edildiyinə şahid olmaqdayıq. Heç də sadə cümlələrlə ifadə olunmayacaq geopolitik mövqedə qərar tutmuş bir ölkənin problemlərinin həlli də, beynəlxalq nizama qazandırdıqları da qeyri-adi hadisələrdir. Bu, ilk növbədə, siyasi iradənin, dövlət-xalq birliyinin və sülhpərvər siyasət yürütməyin, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verilən töhfələrin təntənəsidir. Bizim beynəlxalq, çoxtərəfli və ikitərəli münasibətlərə yanaşmamız, dövlət siyasətimiz Çin üçün, eləcə də, Çinin xarici siyasəti də bizimçün maraq kəsb edir. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə dövlətidir və dünyada əhali sayına görə birinci sıradadır. Son illər iqtisadiyyatını gücləndirən Çinlə münasibətlərin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Azərbaycan-Çin münasibətlərinin inkişafında çox önəmli rol oynayıb: “Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.
Çinlə ikitərəfli əlaqələrdə əldə etdiyimiz uğurlar ötəri xarakter daşımır, uzunmüddətli və qalıcıdır. Bu yerdə Azərbaycanın tranzit imkanlarını, habelə tarixi İpək yolunun bərpasına Azərbaycanın verdiyi töhfələri, özəlliklə yeni gerçəklikləri vurğualamaq lazımdır. Bu gerçəkliyin bir adı da, Ermənistanın 44 günlük müharibənin sonucunda üzərinə götürməyə məcbur qaldığı öhdəlikdir. Həmin öhdəlik Zəngəzur dəhlizini ifadə edir. Bir dəhliz ki özündən daha uzun, böyük dəhlizi də ifadə etməkdədir: Orta dəhliz! Rusiya-Ukrayna müharibəsi fonunda tıxanmış beynəlxalq yollara ən yaxşı alternativ olması etibarı ilə də, digər parametrləri ilə də Zəgəzur dəhlizi (ümumən Orta dəhliz) Asiya-Avropa sabit iqtisadi bağlarına fövqəladə böyük töhfədir: “Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür”.
Azərbaycanla Çin arasında ticarət həcmi artmaqdadır. Dövlət başçısının da dediyi kimi, bu artım son hədd deyil və böyük potensial dövriyəyə daxil edilincə daha güclü nəticələr meydana çıxacaqdır: “Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır”.
İqtisadi, ticari amillər öz yerində, Prezident çox önəmli bir amilə də vurğu etdi: “Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur”. Nəzərə alsaq ki, bizim bölgədə yeganə monoetnik dövlət Ermənistandır və məhz Ermənistan bölgədə vandallıqla, işğala məşğul olub, üstəlik, hələ də revanşist ovqatdadır...
Bizim rəsmi siyasətimizin də, xalqımının mədəni səviyyəsinin, dözümlülüyünün də danılmaz fakt olduğu hər kəsə əyan olan bir həqiqətdir: “Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar”.
DÖVLƏTİMİZ VAR OLSUN!