Xaçmaz sakini atasının ölümündə həkim Firdovsi İbrahimovu günahlandırır – ŞİKAYƏT

Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu atasının vəfatında həkim səhlənkarlığının olduğunu deyir.
O, AFN.az-a ünvanladığı müraciətdə bildirib ki, Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri, Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən bu günə kimi tədbirsiz, nəticəsiz qalaraq "öz şəxsi marağı xatirinə" ört‐basdır edilir:
"2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyinə görə, 18 aprel 2025‐ci il tarixdə səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinikaya təxliyə edildir. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra onda ürək damarının tutulması aşkar edilərək, ürəyinin damarına "angioplastika üsulu ilə stent yerləşdirdi. Firdovsi həkim 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməsini həm şifahi, həm də ürək xəstəliyi ilə bağlı ilkin olaraq təyin etdiyi 19 aprel 2025‐ci il tarixli, 552,227,721 nömrəli müalicə reseptində yazılı formada bildirib.
26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimiz və onların köməyi ilə Mərkəzi Klinikaya həkimin baxışından keçməsi və növbəti müayinə üçün gətirilsə də, Firdovsi İbrahimov 2‐ci qrup müharibə əlili olan atama yardım göstərməkdən imtina edib. O, bunu bilərəkdən hikkəsi və inadkarlığı ilə qərəzli surətdə edib. Bu hərəkət əlil arabasında əlacsız, köməksiz vəziyyətdə qalan atamın ölümünə gətirib çıxarıb.
Biz hadisə baş verən günü dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 və TƏBİB‐nin 815 qaynar xətlərinə zəng edib məlumat verməklə yanaşı, eyni zamanda müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazaraq, atam Qabil Zeynalovun başına hər hansı bir xoşa gəlməz hadisə gələrsə ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirdik. Lakin Firdovsi İbrahimov ilə bağlı heç bir ölçü götürülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri gün yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişdi."
M.Zeynalov bildirir ki, Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri və ən əsası da bu barədə əllərində yetərincə əsaslı sübutedici danılmaz faktların (video görüntülər, səs yazıları və digər əsaslı sübutedici sənədlər və s...) olmasına baxmayaraq, Səbail rayon prokuroru Natiq Əsədov işə düzgün baxmır:
"Məsələnin üstü ört-basdır edilir. Mən ölkə rəhbərliyinə üzümü tutub xahiş edirəm ki, Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimovun 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğluna qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli əməlləri barədə məndə olan rəsmi faktları nəzərə alsınlar, araşdırmalarda onlardan istifadə etsinlər və lazımı cəza verilsin."
Qeyd edilənlərlə bağlı F.İbrahimovun özü ilə əlaqə saxlayıb mövqe almaq istədik. Köməkçisinə müvaqif sualları ünvanlasaq da, həkimin özü ilə danışmaq mümkün olmadı.
Hər bir halda yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.