Hərbi çağırışçılar üçün tibbi müayinə işgəncəsi - ŞİKAYƏT
İqtisadçı ekspert Rövşən Ağayev hərbi çağırışçıların tibbi müayinəsi prosesindəki nöqsanla bağlı narazılığını bildirib.
AFN.az xəbər verir ki, ekspert bu barədə özünün feyzbuk hesabında yazıb: "Təxminən bir ay əvvəl hərbi çağırışçıların tibbi müayinəsinin ilk mərhələsi zamanı Beyləqan Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığımız problemlərdən yazmışdım. Həmin procedura demək olar ki, bir günümüzü almış, insanları ciddi əziyyətə salmışdı.
Bu gün isə müayinənin ikinci mərhələsi üçün paytaxtdakı, xalq arasında “Respublika xəstəxanası” kimi tanınan tibb müəssisəsinə üz tutduq. Gördüklərimiz əvvəlki mərhələdən də ağır mənzərə ortaya qoydu.
İxtisaslaşmış müayinə tələb edən bəzi xəstəliklər üzrə çağırışçılar məhz burada yoxlanışdan keçməlidirlər. Nəticədə ölkənin müxtəlif bölgələrindən gələn yüzlərlə insan eyni mərkəzə yönləndirilir. İnsan sıxlığı o həddə çatır ki, növbədə duranların bir hissəsi müayinəsini həmin gün başa vura bilmir və növbəti günə qalmalı olur. Təsəvvür edin, ucqar rayondan gələn valideyn və övladı Bakıda gecələməyə məcbur qalır. Nə qalmağa qohumu, nə də mehmanxana xərclərini ödəməyə imkanı var. Belə hallarda insanlar faktiki olaraq çıxılmaz vəziyyətlə üz-üzə qalırlar".
R.Ağayevin sözlərinə görə, bu mənzərə bir daha göstərir ki, ölkədə, heç olmasa regional səviyyədə, çağırışçılar üçün ixtisaslaşmış tibbi müayinə imkanları kifayət qədər inkişaf etdirilməyib. Ekspert qeyd edib ki, əslində isə bu problem təkcə hərbi çağırış sisteminin deyil, regionlarda səhiyyənin ümumi durumunun göstəricisidir.
R.Ağayev müayinə zamanı qarşılaşdığı başqa bir problemlə bağlı da yazıb. Qeyd edib ki, kompüter tomoqrafiyası (KT) müayinəsindən keçmək üçün çağırışçılardan icbari tibbi sığorta çərçivəsində nəzərdə tutulan ödənişin 20 faizi həcmində vəsait – təxminən 12 manat tələb olunur: "Sual yaranır: dövlətin hərbi çağırış prosesi çərçivəsində həyata keçirilən tibbi prosedurlar niyə tam şəkildə icbari tibbi sığorta hesabına qarşılanmır? Əgər hansısa ailənin həmin məbləği ödəməyə imkanı yoxdursa, adam ya geri qayıtmalı, ya da pulu başqa yerdən tapmalıdır. Problem bununla da bitmir. Ödəniş yalnız bank kartı vasitəsilə qəbul edilir. İlk baxışdan bu yanaşma şəffaflığın təmin olunması kimi görünə bilər. Lakin ucqar kənddən gəlmiş, kartı olmayan bir vətəndaş nə etməlidir?
Xəstəxanada onlara verilən cavab isə təəccüb doğurur: çölə çıxıb kartı olan bir nəfər tapın, ona nağd pul verin, o da sizin əvəzinizə ödənişi həyata keçirsin. Şəffaflığın və xidmət əlçatanlığının bu cür başa düşülməsi, təbii ki, ciddi suallar yaradır.
Utanmaq müqəddəs hissdir. İctimai xidmət göstərən, insanların taleyi ilə bağlı qərarlar verən idarəçilər üçün isə bu hissin məsuliyyətlə birgə mövcud olması daha vacibdir. Qarşıda bizi tibbi müayinənin üçüncü mərhələsi – Sosial Ekspert Komissiyası gözləyir. İndidən demək çətindir, amma ümid edək ki, növbəti mərhələdə vətəndaşlar yeni sürprizlərlə qarşılaşmayacaqlar".




