ABŞ Çinin elektrik avtomobillərinə tətbiq edilən tarifləri 100 faizə qaldırıb


ABŞ prezidenti Co Bayden administrasiyası kritik sənayelərdə yerli istehsalı dəstəkləmək üçün Çindən idxal edilən polad və alüminium, yarımkeçiricilər, elektrik nəqliyyat vasitələri, akkumulyatorlar, kritik minerallar və günəş batareyaları kimi məhsullara gömrük rüsumlarının artırılmasına qərar verib.


Ağ Evdən verilən açıqlamada Baydenin amerikalı işçiləri və müəssisələri Çinin ədalətsiz ticarət təcrübələrindən qorumaq üçün hərəkətə keçdiyi qeyd edilib.

Çinin dünya bazarlarını süni ucuz ixrac məhsulları ilə doldurduğu ifadə edilən açıqlamada, Baydenin Çinin ədalətsiz ticarət tətbiqlərinə və bunun nəticəsində dəyən zərərə cavab olaraq bu ölkədən idxal edilən 18 milyard dollarlıq məhsula tarifləri artırmağa qərar verdiyi bildirilib.

Bildirilir ki, polad və alüminium, yarımkeçiricilər, elektrikli nəqliyyat vasitələri, akkumulyatorlar, kritik minerallar, günəş batareyaları, gəmidən sahilə kranlar və tibbi məhsullar kimi strateji sektorlarda tariflər artırılıb. Bəzi polad və alüminium məhsulları üçün tarif dərəcəsi bu il 0-7,5 faizdən 25 faizə, yarımkeçiricilərə tətbiq edilən tarif dərəcəsi isə 2025-ci ilə qədər 25 faizdən 50 faizə qaldırılacaq.

Açıqlamada bu il elektriklə işləyən avtomobillərə tətbiq edilən tarif dərəcəsinin 25 faizdən 100 faizə yüksələcəyi bildirilib.

Həmçinin litium-ion elektrik avtomobil akkumulyatorlarının tarif dərəcəsinin bu il 7,5 faizdən 25 faizə, elektriklə işləyən avtomobillər üçün nəzərdə tutulmayan litium-ion akkumulyatorların tarif dərəcəsinin isə 2026-cı ildə 7,5 faizdən 25 faizə yüksələcəyi qeyd edilib. Bu il bəzi kritik minerallara 25 faizlik yeni tarif, 2026-cı ildə isə təbii qrafit və daimi maqnitlərə 25 faizlik tarif tətbiq ediləcək. 2024-cü ildə günəş batareyaları üçün tarif dərəcəsi 25 faizdən 50 faizə yüksələcək.

Gəmidən-sahil kranlarına 25 faiz, şpris və iynələrə 50 faiz yeni tariflər tətbiq ediləcək, bəzi fərdi qoruyucu vasitələrin, o cümlədən bəzi respirator və üz maskalarının tarif dərəcələrinin artırılacağı bildirilir.

Açıqlamada qeyd olunub ki, rezin tibbi və cərrahi əlcəklərin tarifləri 2026-cı ildə 7,5 faizdən 25 faizə yüksələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu