Rusiyanın aktivlərindən 9 ayda 5,15 milyard avro gəlir əldə edilib
2024-cü ilin doqquz ayı ərzində Rusiyanın dondurulmuş aktivlərinin "Euroclear" platformasına yenidən investisiya edilməsindən əldə edilən gəlir təxminən 5,15 milyard avro təşkil edib.
“2024-cü ilin doqquz ayı ərzində Rusiyanın sanksiyalar altında olan aktivlərindən əldə olunan gəlir təxminən 5,15 milyard avro təşkil edir”, - deyə depozitarın üçüncü rübün yekunlarına dair bəyanatında deyilir. "Euroclear" aydınlaşdırıb ki, bu vəsaitlər üzrə Belçika hakimiyyətinə 1,27 milyard avro məbləğində vergi ödənilib.
Hesabatda qeyd olunur ki, ümumilikdə depozitar hesabında 176 milyard avroluq Rusiya vəsaiti var.
Avropa Komissiyası Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərin özgəninkiləşdirilməsi mexanizminin yaradılmasını elan etmişdi. AK-nın mexanizmdən Kiyevə Yeddilik qrupundan ümumi məbləği 45 milyard avroya qədər olan kreditlərə xidmət etmək və ödəmək üçün istifadə etmək niyyəti var. Rusiya artıq Brüsselin hərəkətlərini qlobal oğurluq adlandırıb və bunun məsuliyyəti barədə xəbərdarlıq edib.