Yeddi ölkə Şimali Koreya ilə bağlı BMT TŞ-nin iclasını tələb edib
Böyük Britaniya, Malta, Sloveniya, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya KXDR-in raket buraxılışı ilə bağlı BMT Təhlükəsizlik Şurasının noyabrın 4-də iclasının keçirilməsini tələb ediblər.
AFN.az xəbər verir ki, bu barədə TASS-a BMT-dəki mənbə bildirib.
İclasın keçirilib-keçirilməməsi ilə bağlı qərarı noyabrda Təhlükəsizlik Şurasına sədrlik edəcək Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyi verəcək.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR tərəfindən buraxılan raket rekord 86 dəqiqə ərzində uçuşda olub və bu müddət ərzində bütün zamanların maksimum 7 min km hündürlüyünə qalxıb. O, min km məsafə qət edib və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydo yaxınlığında, Yaponiyanın Okuşiri adasından təxminən 200 km qərbə düşüb. Hazırda Yaponiya səlahiyyətliləri bu raketin yeni tip olub-olmaması da daxil olmaqla məlumatları təhlil etməyə davam edir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, KXDR-in cümə axşamı atdığı qitələrarası ballistik raketin uçuş məsafəsi normal trayektoriya üzrə buraxıldıqda və döyüş başlığının çəkisindən asılı olaraq 15 min km-dən çox ola bilər.
Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, sınaq meydançasında Şimali Koreya lideri Kim Çen In respublikanın nüvə silahlı qüvvələrinin gücləndirilməsi kursunu dəyişməyəcəyini vurğulayıb.