Qarabağda Silikon Vadisinin analoqunu yaratmaq olar - Ruslan Quliyev
Uzun illər idi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan təmsilçiləri ermənilərin təxribatları ilə üzləşirdilər. Xüsusilə turizm sektorunun nümayəndələri nüfuzlu sərgilərdə, toplantılarda Qarabağın turizm potensialını ayrıca “müstəqil respublika”nın stendində nümayiş etdirməyə çalışan, bununla da vətənimizin bu dilbər guşəsinin guya ermənilərə məxsus olduğunu sübut etməyə cəhd göstərənlərlə vaxt və əsəb sərf edərək mübarizə aparırdılar. Şükürlər olsun ki, bu illər artıq arxada qalıb. Dağlıq Qarabağ və ətraf 7 rayon müzəffər Ordumuzun apardığı 44 günlük müharibənin nəticəsi olaraq düşmən tapdağından azad edildi. Hazırda qarşıda duran mühüm məsələlərdən biri də iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün olduqca geniş potensialı olan bu gözəl məkanın turizm baxımından cəlbediciliyini müəyyənləşdirmək, Qarabağı yeni bir turizm destinasiyası kimi bütün dünyaya tanıtmaqdır. Bu istiqamətdə artıq dövlət qurumları tərəfindən müəyyən işlərə başlanılıb. Bəs turizm fəaliyyəti ilə məşğul olan özəl qurumların təklifləri nədir? Onlar işğaldan azad edilmiş torpaqlarımızın turizm imkanlarını necə dəyərləndirirlər?
Qarabağ zonasının malik olduğu zənginliklərdən biri də burada turizm imkanlarının mövcudluğudur
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin fikrincə, Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb edilməsi qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq: “Qarabağ zonasının malik olduğu zənginliklərdən biri də burada sağlamlıq turizmi imkanlarının mövcudluğudur. Hələ sovet dövründə Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSR-də məşhur idi. Qarabağ həm xarici, həm də yerli turistlər tərəfindən çox sevilirdi. XX əsrin 30-cu illərindən Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb, respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Xüsusən 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib. O dövrdə bu imkanlardan daha səmərəli istifadə etmək üçün müəyyən layihələr işləyib hazırlamışdılar. Azərbaycana gələn ümumittifaq turizm marşrutları var idi, həftəsonu turlar təşkil edilirdi. 80-ci illərin xronikasına nəzər saldıqda biz görürük ki, orada Şuşanın bolneoloji kurortlarının təkmilləşdirilməsi, kanat yollarının çəkilməsi ilə bağlı fikirlər öz əksini tapıb. 90-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bildiyimə görə, Laçında 300-dən artıq müxtəlif su qaynaqları var, vaxtilə Zəngilanda Qotur su deyilən yerdə sanatoriya, Ağdamda Şəfa sanatoriyası olub”. Qarabağda sağlamlıq turizminin inkişafı üçün hansı işlərin görülməli olduğuna gəlincə, müsahibimiz bildirdi ki, ilkin etapda indiyə qədər mövcud olan təsisatların ən azından informativ xarakterli bir xəritə planının, məlumat bazasının yaradılması lazımdır: “Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu fəaliyyət göstərir. Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada təyin edilən müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. Sovetlər dönəmində institut tərəfindən Naftalan, Duzdağ, Qalaaltı ilə bağlı çox geniş tədqiqatlar aparılmışdı. İstərdik həmin o arxivlər, araşdırmalar üzə çıxarılsın. Digər tərəfdən, azad edilmiş ərazilərimizdəki termal qaynaqlardan nümunələr götürülə bilər, bir çox müalicəvi sanatoriya-kurort müəssisələrinin yaranmasının əsası qoyula bilər. Düşünürəm ki, bu sanatoriyalar müəyyən vaxtdan sonra müalicəvi əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilər və buraya ildə minlərlə turist cəlb etmək mümkün olar”.
Xarici investisiyaların cəlb olunması əsas şərtlərdən biridir
Assosiasiya sədri deyir ki, bundan sonrakı mərhələdə Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Beynəlxalq İşçi Qrupun yaradılmasına ehtiyac duyulur. Bu işçi qrup mütəxəssislər dəvət edərək biznes planlar, infrastruktur layihələrinin həyata keçirilməsi üçün inkişaf planı hazırlaya bilər: “Daha sonra xarici investisiyaların cəlb olunması ilə də bağlı uzunmüddətli, təbii ki, burada təşviqi də işin içinə qatmaqla, strategiya həyata keçirmək mümkündür. Bir faktı qeyd edim, indi Türkiyədə Hattusa Vacation Thermal Club deyilən bir sistem var, onlar da Avropada fəaliyyət göstərən Arsiya Təşkilatının üzvüdür. Zamanın bölünməsi – timeshare sistemi (məzuniyyət sahibkarlığı) mövcuddur ki, dünyada turizm və müalicə turizmi hərəkatına məhz 2-ci Dünya müharibəsindən sonra bu sistemin çox böyük qatqısı olmuşdu. Bu nədən ibarətdir, bu sistemlə uzunmüddətli səyahət paketləri təklif olunur və burada insanların arzusundan, istəyindən və adam sayından asılı olaraq, ildə bir neçə həftə dincəlmək imkanları var. İnsanlar konkret ilin fəsillərinə uyğun olaraq seçim edə bilərlər, ailə tərkiblərində istədikləri şəxsləri götürə bilərlər. Burada birinci məsələ beynəlxalq akkreditasiya standartlarına cavab verməkdir. Təbii ki, Azərbaycanın da özünün beynəlxalq standartlara əsaslanan bir akkreditasiya proqramı təsdiqlənəcək. Bununla bağlı Dövlət Turizm Agentliyində də fikirlər səsləndi. Azərbaycanda da daxili turizmin inkişafı ilə bağlı bu təsisatları həmin sistem üzərindən bir şəbəkədə birləşdirmək olar. 250 min ailə hazırda Türkiyədə bu imkanlardan yararlanır. Əgər dünya sisteminə inteqrasiya olunsaq, deməli, bu xəritədə Azərbaycanın da yeri olacaq. Biz belə bir təcrübədən yararlanmışıq. Şabranda yerləşən "Qalaaltı" müalicəvi istirahət kompleksi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna daxil edilib. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası termal şəhərlər arasında bir əlaqə vasitəsi rolunu oynayır. Assosiasiyaya üzvlük üçün müraciət edən şəhərlər əsasən üç xüsusiyyətinə görə seçilir. Birincisi, bu şəhərin qədim və zəngin tarixi keçmişi olmalıdır, ikincisi, termal sularla zəngin olmalıdır, üçüncüsü isə müasir tələblərə cavab verən infrastrukturu - hotelləri, yolu, hava limanı və s. olmalıdır. Bununla bərabər, həmin şəhərlərin musiqi, mədəniyyət mərkəzi rolunu da oynaması bir üstünlük sayılır. Turizm baxımından qurumun işi Qərbi Avropanı Şərqi Avropa ilə yaxınlaşdırmaq, eyni zamanda termal turizmin inkişafında dünyada baş verənlərə töhfə verməkdir. Hazırda quruma 13 ölkə, 36 şəhər daxildir. Bu eyni zamanda bir keyfiyyət əmtəə nişanı da sayılır. İnsanlar atrıq bu təşkilatların üzvü olan təsisatlara rahatlıqla etibar edirlər. İndi təsəvvür edin, qədim tarixi, zəngin mədəniyyəti olan Şuşanı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv etmək üçün qurumun standartlarına cavab verəcək bir vəziyyətə gətirə bilsək və bunu reallaşdırsaq, bu, ildə yüz minlərlə turistin Azərbaycana, Qarabağa cəlbi deməkdir”.
“Sağlamlıq turizm sahəsində klasterləşmə bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq”
Ruslan Quliyev sağlamlıq turizmi sahəsində klasterləşmənin bizə qazandıracağı üstünlüklərdən də danışdı. Onun sözlərinə görə, əsas məqsədlərindən biri Azərbaycanda, o cümlədən Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə siyasətinin aparılması və beləliklə məhz bu sahədə çalışan və işbirliyi olan QHT və hüquqi şəxslərin rəqabət apararaq bir-birindən asılı olan sahələrarası qarşılıqlı bağlantısının həyata keçirilməsidir: “Klasterləşmə bu gün Azərbaycan üçün labüddür, çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Sağlamlıq turizm sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq. Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə də eyni zamanda həm alt sektorlar üzrə, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Bunun üstünlükləri nədən ibarətdir? Bu, rəqabət qabiliyyətinin artırılmasını, əməkdaşlıq diapozonunun genişləndirilməsini, fərqlilik və yenilikçilik fəaliyyətlərini və eyni zamanda da sürətli inkişafı təmin edəcək, fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq.
Sağlamlıq turizmi klasterlərinin şərti olaraq növləri coğrafi, sektoral, horizontal və vertical klasterlərdir. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşıb. Bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan firmalar daxil olur. Burada dəstəkləyici medianın, maliyyə qurumlarının, QHT-lərin, assosiasiyaların, təhsil, araşdırma və təlim təsisatlarının, peşə məktəblərinin də bir vəhdəti özünü büruzə verir. Klasterləşmənin önəmli əlamətləri birincisi, coğrafi təmərküzləşmədir, ikinci geniş iştirakçılığın təmin olunmasıdır. Məhz sağlamlıq turizmi sahəsində üçüncü əlamət ixtisaslaşmanın həyata keçirilməsidir. Burada mütləq şəkildə innovativlik faktoru özünü büruzə verir. Beşinci əlamət müxtəlif iştirakçılar arasında əlaqə və qarşılıqlı təsirin mövcud olması və sonuncu da təbii ki, koperasiyanın mövcudluğu və bunun inkişaf etdirilməsidir.
Bundan başqa, dediyimiz kimi, Qalaaltı Avropanın Tarixi və Termal Şəhərlər Assosiasiyasının üzvüdür. Yəni bu xəritədə Azərbaycanın da yeri var. Naftalanla bağlı da müxtəlif beynəlxalq sertifikasiya proqramları həyata keçirilir və bu davam etdirilməlidir. Düşünürəm ki, əlaqədar sahəvi dövlət qurumlarının və ictimai birliklərin də burada dəstəyi olmalıdır. EuroSpa sertifikasiyasının və Hattusa Vacation Thermal Club akkreditasiya sisteminin həyata keçirilməsi, beynəlxalq təşkilatlara üzvlük təbii ki, yeni turizm bazarlarının bu şəbəkə daxilində Azərbaycana turist axınının təmin olunmasına şərait yaradacaq. İlkin mərhələdə, yuxarıda dediyimiz kimi, indiyə qədər mövcud olan təsisatların xəritəsinin yaradılması, data məlumatların hazırlanması və yeni mineral su qaynaqlarının ekspertlərin iştirakı ilə yatırım imkanlarının dəyərləndirilməsi və yeni təsisatların yaradılması. Əlbəttə ki, sağlamlıq turizminin təşviqi fondlarının və müxtəlif təşviq proqramlarının da tətbiq olunması sağlamlıq turizmi məqsədilə ölkəyə gələcək turistlərin sayına müsbət təsirini göstərəcək”.
Vahid turizm reyestri yaranan zaman da Qarabağda xidmət göstərəcək təşkilatlara güzəştlər edilməlidir
Müsahibimizin fikrincə, işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafına nail olmaq üçün müxtəlif sahibkarlıq subyektlərinə dövlət tərəfindən indiyə qədər edilən dəstək daha da dərinləşdirilməlidir və bu, sistemli olmalıdır: “Hesab edirəm ki, ilkin olaraq Prezident yanında turizmin inkişafına dəstək fondu yaradılmalı, təşviqlər-subsidiyalar haqqında qanun qəbul edilməlidir. Dünya təcrübəsində sağlamlıq turizmi məqsədilə gələn, minimum 12-14 gün gecələmə üçün ölkəyə təşrif buyuran xarici turizm agentliklərinə və o işlə məşğul olan operatorlara dövlət tutaq ki, hər turist başına şərti vahidlə 70 AZN bir təşviq verir. Qarabağın sağlamlıq turizmi imkanlarını dünyada tanıdan subyektlərə də dövlət xərclədiyi pulun 65-70 faizə qədərini geri qaytarsın. Məsələn, ölkəyə 1 milyon turist daxil olur, bu, 7 milyon gecələmə deməkdir, hər bir turist 1 həftədə 1000 AZN-ə yaxın pul xərcləyirsə, büdcədən 70 milyon vəsait çıxır, əvəzində ölkəyə 1 milyard vəsait daxil olur. Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlər də həmçinin, müxtəlif güzəştlər verir. Qarabağ turizm zonasına 7-14 gecə gecələmə şərti ilə turist gətirən turizm şirkətlərinə Azərbaycan Hava Yolları tərəfindən 50% endirim təmin olunmalıdır. Bu, təxminən 3 il müddətində nəzərdə tutulur. Və yaxud Qarabağda çalışan şirkətlərə 10-15 illik 1,5 faizlə kredit verilir. İqtisadiyyat Nazirliyinin postpandemiya dövrü ilə bağlı təklif paketləri var, postmüharibə dövrü ilə bağlı da belə paketlər olmalıdır. Xarici və daxili amilləri nəzərə almaqla, sırf Qarabağın inkişaf strategiyasında bu məsələlər nəzərə alınmalıdır, hüquqi-normativ sənədlər bazasında bəlli bir qanun və platformalar hazırlanmalıdır. Bu il “Turizm haqqında” qanunun da təsdiqlənməsi nəzərdə tutulur. Vahid turizm reyestri yaranan zaman da məhz Qarabağ məkanında xidmət göstərəcək təşkilatlara dediyimiz imkanlar yaradılmalıdır. Burada xarici investisiyaların cəlb olunması ilə bağlı məsələlər çox vacibdir. Bunlardan əlavə, kadr hazırlığına xüsusi diqqət yetirməliyik. Qurulan yeni təsisatlarda yerli kadrlarımıza üstünlük verməliyik. Qarabağ zonasında turizm peşə məktəblərinin, Şuşada Azərbaycan Turizm və Menecment Universitetinin filialının açılması məqbul olardı. Bu gün artıq Prezidentin müşavirələrdə qeyd etdiyi kimi, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə olması da turizm sahəsində inkişafa bir yaşıl işıq yandırır. Bu islahatların aparılması birbaşa biznes mühitinə beynəlxalq nüfuzlu şirkətlərin investisiya yatırmasına şərait yaradır”. Ruslan Quliyev onu da qeyd etdi ki, Qarabağda Silikon Vadisinin analoqunu yaratmaq olar. Azərbaycanın bu illər ərzində beynəlxalq platformalarda - istər Dünya Turizm Təşkilatında, sağlamlıq turizmi qurumlarında, ekoturizm cəmiyyətlərində təmsil olunmasından da geniş istifadə edə bilərik: “Azərbaycanın bu savaşdakı qələbəsi bütün dünya reytinqində, istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə ölkəmizin nüfuzunu artırıb. Ölkəmizə sərmayə qoymaq istəyən təşkilatlar da quruculuq işlərində iştirak etmək istəyirlər. Bu iştirak turizmlə bağlı da ola bilər. Mənim təxmini hesablamalarıma görə, bu məsələlər paralel aparılarsa, biz 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura“Qarabağn bilərik. Cənab Prezidentin dediyi “Qarabağ Azərbaycandır” devizini biz artıq iqtisadi blokda, turizm istiqaməti də daxil olmaqla, tətbiq edə bilərik. Buraya hər kəs öz töhfəsini verməlidir”.
Fəxriyyə ABDULLAYEVA