Qazın, işığın bahalaşması ehtimalı kifayət qədər yüksəkdir: İnvestisiya Holdinqi vəziyyəti düzəldə biləcəkmi?


Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında toxunduğu məsələlərdən biri də dövlət şirkətlərinin idarəçiliyi ilə bağlı idi. “Dövlət şirkətlərində idarəçilik sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz” deyən İ.Əliyev qeyd etdi ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür: “Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı?”



Ölkə başçısı həmçinin yeni yaradılan İnvestisiya Holdinqi ilə bağlı fikirlərini bildirdi. Bu qurumun problemlərin həllində rol alacağını qeyd etdi: “Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox”.



Məsələ ilə bağlı AFN-ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, əslində dövlət şirkətləri ilə bağlı problem uzun illərdir davam edir və onların böyük əksəriyyəti büdcədən dotasiyalar alan şirkətlərdir: “Ona görə dövlət şirkətlərində yaranmış bu problemin həllini gecikdirmək mümkün deyil. Çünki dövlət büdcəsinin üzərində ən böyük yük idilər, həm qeyri-rentabelli çalşırdılar, həm korrupsiya sxemləri yer alırdı, həmin şirkətlərin idarə etməsində qiymətlər şişirdilirdi, tenderlər, satınalmalar qeyri-şəffaf keçirilirdi. Ona görə də keçən ilin avqust ayında İnvestisiya Holdinqinin yaradılması o məqsədə xidmət edir ki, dövlət şirkətlərinin dotasiya ilə işləməsinin qarşısı alınsın, büdcəyə yük olmasından çıxsın, idarəetmə təkmilləşdirilsin, gəlirlə, qazancla işləmək üçün struktur dəyişiklikləri olsun. Bu, uzun zamandır ki, davam edən problemdir, indi artıq yavaş da olsa, bu problemin həlli ilə bağlı konkret fəaliyyətə keçilib. Sacədə əvvəllər Azərbaycan neftinin qiymətləri yüksək dövründə valyuta ehtiyatları, büdcə sürətlə artırdı. Büdcə xərcləmələrinə o qədər də ciddi nəzarət yox idi. İndi həm hasilat, valyuta gəlirləri azalır, eləcə də müharibənin gətirdiyi əlavə xərclər var. Biz müharibəni qələbə ilə başa çatdırdıq, işğaldan azad olunmuş torpaqların bərpasına milyardlarla vəsait lazımdır. Ona görə dövlət şirkətlərinin dövlət büdcəsinə yük olmaqdan çıxarılması zamanıdır. Bununla bağlı addımlar olmalıdır. İnvestisiya Holdinqi ən azından ictimaiyyətə də bu yolda hansı işlərin görüləcəyi ilə bağlı bir müddət sonra məlumat versə pis olmaz”.
İnvestisya Holdinqinin yaradılmasının problemlərin həllində roluna gəldikdə isə ekspert deyir ki, əgər Holdinq bunun öhdəsindən gələ bilməyəcəksə yaradılmasının mənası qalmayacaq: “Hələ ki, hansı addımların atılacağı, hansı struktur və idarəetmə dəyişikliklərinin olacağı ilə bağlı bir yol xəritəsi görməmişik. Əslində bu Holdinq yarananda təkliflərimiz də olmuşdu ki, ilkin olaraq bütün dövlət şirkətlərində ciddi müstəqil auditin aparılmasına ehtiyac var. Yəni audit aparılmalıdır ki, problemin kökündə dayanan səbəblər nədir, korrupsiya sxemləri varsa bunların qarşısını necə almaq olar. Bundan sonra artıq həmin şirkətlərin inkişafı üçün yol xəritələrinin hazırlanmasına keçid etmək lazım idi. Təəssüf ki, hələ ciddi audit yoxlamalarının olması ilə bağlı məlumat yayılmayıb”.
Ekspertin sözlərinə görə, “Azərsu”nun timsalında korporativ idarəetmənin təkmilləşdirilməsi, ziyanla işləmənin qarşının alınması üçün atılan addımlar ilkin olaraq qiymət artımı kimi vətəndaşların cibində göründü: “ Əslində “Azərsu” da eyni “məntiqlə” idarə olunan, ziyanla işləyən şirkətlərdəndir. Gözləmək olardı ki, “Azərsu”nun əvvəlcə xərcləri azaldılacaq, sonra rentabelə çıxış imkanları məhdud olsa qiymətdə dəyişiklik ola bilərdi. Amma təəssüf ki, ilk olaraq qiymət dəyişdirildi. Bu təcrübəni nəzərə alsaq, təəssüf ki, qazla, işıqla da bağlı bənzər addımların atılması ehtimalı kifayət qədər yüksək görünür”.
İqtisadçının fikrincə, ümumilikdə İnvestisiya Holdinqi dövlət şirkətlərini normal korporativ idarəetmənin yaxşılaşdırılması yolu ilə heç olmasa bu il ərzində inkişaf etdirə bilsə, gələn il bəzi dövlət şirkərlərinin ya özəlləşdirilməsi, ya da uzunmüddətli idarəyə verilməsi ilə bağlı qərar verilə bilər: “İndi nəyə görə bu uzadılır? Mənim fikrimcə, dövlət şirkətləri ziyanla işləyirlərsə, onların idarəetməyə verilməsi, yaxud özəlləşdirilməsi çox ucuz və ziyanlı olacaq. İnvestorlar həm icarə, həm özəlləşmə üçün daha az məbləğ təklif edəcəklər. Ona görə də bu il ərzində dövlət şirkətləri heç olmasa normal bir idarəetmə formasına gətirilməli, ziyanla işləməsinin qarşısı alınmalıdır ki, gələn ildən başlayaraq ya idarəetməyə verilməsi, ya da özəlləşdirilməsi ilə bağlı qərarlar verilə bilsin. İndiki zamanda bu həm texniki olaraq çətindir, həm də qiymət olaraq ziyanla işləyən müəssisələrə investiorların cəlb edilməsi mümkün deyil”.



İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirdi ki, böyük şirkətlər – SOCAR, “Azəravtoyol”, AZAL, Azərbaycan Dəmir Yolları QSC, “Azəriqaz” və digərləri böyük investisiya cəlb edirlər, həm dövlət büdcəsindən, həm də birbaşa xaricdən maliyyə institutlarından kreditlər cəlb edilər: “Onlar həm də kommunal xidmət göstərirlər. Kommunal xidmətlərin tariflərini təbii inhisarçılar olaraq dövlət şirkətləri həyata keçirir. Onların da idarəetməsində belə halların olması və etiraf edilməsi ondan xəbər verir ki, həqiqətən də artıq heç nəyi gizlətmək mümkün deyil. Bu həddə “Azərsu”, SOCAR və bu kimi şirkətlər yarıtmaz idarəçilikdən doğan problemlərlə, əslində normal idarəçilik həyata keçirməyərək xidmətlərin maya dəyərini artırırlar və nəticə etibarilə Tarif Şurasına müaricət edərək qiymət artımını təklif edirlər, vətəndaşların vəsaiti hesabına ayaqda dururlar. Dünya ölkələrində belə şirkətlər ən iri vergi ödəyiciləridir və dövlətin büdcəsinə ödəməli olduqlarını vaxtında ödəyirlər, mənfəətlə işləyirlər. Azərbaycanda isə əksinədir. Bu da ondan xəbər verir ki, həmin şirkətlərin başında duranlar sanki buranı özəlləşdirmiş kimi davranırlar, illər boyu böyük vəsaitləri kağız üzərində tender adı ilə mənimsəməklə məşğul olublar. Kifayət qədər jurnalist araşdırmaları mövcuddur ki, bu şirkətlərin başında duranlar həmin tenderləri öz ailə üzvlərinin, yaxud yaxın dostlarının şirkətlərinə verirlər. Nəticə etibarilə dövlət vəsaitlərini mənimsəyirlər. Büdcəyə “sağmal inək” kimi baxırlar və bu, ildən-ilə davam edir”. Ekspert hesab edir ki, bu şirkətlərin tez bir zamanda özəlləşdirməyə çıxarılması yanlış addım olardı: “Çünki indiki dövrdə xarici investiya qoyulması üçün münbit şərait yoxdur, pandemiyadır və belə şirkətlərin bazar qiyməti aşağı ola bilər. Nəticədə səmərəsiz özəlləşdirmə baş verə bilər. İndiki durumda onların üzərində müşahidə şuralarının olması vacibdir və bu müşahidə şuralarında ictimaiyyətin nümayəndələri iştirak etməlidirlər. Çünki hökumət üzvləri hamısı eyni komandadan, həm idarəçilər, həm müşahidəçilər olduqda səmərəsizliyi göz qabağıdadır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu