TV-lər sərbəst deyillər, yaxşı maliyyə mənbələri yoxdur və peşəkarlıq da çatışmır – Qulu Məhərrəmli (MÜSAHİBƏ)


Azərbaycanda ən çox tənqid olunan sahələrdən biri mediadır. Bu tənqiddə xüsusi pay sahibi olan televiziya kanallarında hansı problemlər var? AFN-in mövzu ilə bağlı müsahibi teletənqidçi, professor Qulu Məhərrəmlidir:


- Ölkədə fəaliyyət göstərən televiziya kanallarının mövcud vəziyyəti sizi qane edirmi? Son illər hansısa irəliləyiş müşahidə edilirmi?

- Son iki ildir ki, Azərbaycan televiziya məkanında müəyyən proseslər gedir. Bunu görməmək mümkün deyil. Çünki bir neçə televiziya kanalının, Aztv, “İctimai” Tv, “Xəzər” Tv son vaxtlarda “Space” televiziya kanalının rəhbəri dəyişdirilib. Həra halda bunun müəyyən bir təsiri var. İkincisi, bu sahədə dövlət siyasətini tənzimləyən qurumun, Milli Teleradio Şurasının rəhbərliyi dəyişib və müəyyən addımlar atılıb. Məsələn, indiyədək Azərbaycan audiovizual məkanında olanları MTRŞ araşdırıb cəmiyyətə çatdırıb. Bunlar əlbəttə ki, müsbət addımdır. Televiziyalarda yeni layihələr var. Bunu nəzərə alaraq deyə bilərik ki, müəyyən proseslər gedir, xüsusilə mən dəyərləndirirəm “İctimai” televiziyada müəyyən yeni layihələr özünü doğrultdu, baxılan verilişlər var. Eləcə də AzTV-də, “Xəzər” televiziyasında müəyyən dinamik proseslər gedir. ATV-nin də müəyyən verilişləri var. Pandemiyayla bağlı televiziyalarda bəzi problemlər yaşanır. Bununla yanaşı, hər halda proqram siyasətində, layihələrin çatdırılmasında televiziyaların müəyyən rolu var. Bunu danmaq olmaz, mən televiziyaları çox tənqid edirəm, ancaq bu prosesləri də deməyə bilmirəm.

- Sovet dövründə tamaşaçılar həvəslə bir televiziya kanalına baxardı. Ancaq indi yerli kanallardan çox xarici kanallara üstünlük verirlər. Tamaşaçı zövqümü dəyişib, yoxsa televiziyalar tələbatı ödəyə bilmir?

- Sovet dövründə bir televiziya var idi, bir də mərkəzi televiziyaya baxırdılar. O dövrün çərçivəsi başqaydı, insanların həyata baxışı, dünyagörüşü, informasiya mənbələri, intellektual səviyyə, zövq bir başqaydı. Ancaq indi fərqli, humanitar situasiya yaranıb. Biz tamamilə yeni cəmiyyətdəyik, sovet dövrünə baxanda insan azaddır, məlumat mənbələri, müstəqil qəzet, televiziyalar, internetin kəşfi, çox böyük informasiya kanalı yaradıb. Yəni, informasiya sözün həqiqi mənasında gücə çevrilib. Bəli, o güc indi tamaşaçını dəyişib, zövqünü, televiziyalara baxışını da dəyişib. Təbii ki, televiziyalar bu tələbatı, zövqü ödəyə bilsəydilər bu qədər narazılıqlar yaranmazdı. İndi televiziyaların dəyişmələri, çarpışmaları nədən ötrüdür? Ondan ötrüdür ki, tamaşaçı zövqünü ödəsin. Hazırda tamaşaçı auditoriyası uğrunda televiziyaların apardığı çarpışma onunla bağlıdır ki, keyfiyyətli material versin.
Hansı televiziya tamaşaçıya yaxındırsa, onun zövqünü sözün həqiqi mənasında oxşayırsa, ona dünyagörüşü verirsə, onunla səmimi davranırsa o televiziyalara baxan olacaq. Bunun əksi olacaqsa, yalançı, qeyri-səmimi, saxta, ömrü uzun olmayan layihələr ortaya çıxararsa bir-iki aydan sonra onu bağlayacaqlar.

- Digər ölkələrdə tamaşaçı cəlb etmək üçün müxtəlif layihələr, tarixi, intellektual, əyləncəli proqramlar hazırlayırlar. Bizdə isə belə proqramlar yoxdur, olsa da, yalnız xarici ölkənin proqramlarını təqlid edirlər ki, bu da rəğbət qazanmır...

- Ümumiyyətlə, televiziyalarda daimi qalan və uzun müddət davam edən layihələr çox az olur. Əlbəttə, xəbər, səhər, proqramlarını, maqazin verilişlərini çıxmaq şərtilə iri cəlbedici layihələr auditoriyanı uzun müddət cazibəsində saxlaya bilmir. Düzdür, dünya təcrübəsində, Amerika, Yaponiya, İtaliya, Almaniyada, Böyük Britaniyada BBC-nin elə layihələri var ki, 30-40 ildir o verilişlər gedir. Ancaq hər veriliş o cür uğurlu taleyi yaşamır. Orijinal layihələr tapmaq özü də indi xeyli çətinləşib. Ona görə də müəllif hüquqlarına istinadən müqaviləylə alınan layihələri mən uyğunlaşdırılmış və yaxud format etibarilə çox da kamil olmayan yerli layihələrdən daha üstün tuturam. Çünki bunlar sınanıb, mükəmməl bir layihə halına gəlib və bütün dünyada baxılır, onların milli dildə formasını yaratmaq mümkündür. Vaxtilə məsələn, “Milyonçu”, “Zəif bənd” , “O səs Azərbaycan” kimi layihələr olub, onların tamaşaçı auditoriyası da geniş olub. Yəni baxmaq, seçmək, öyrənmək, format mübadiləsi aparmaq televiziya sahəsində normal bir şeydir. Bunun üçün beyin mərkəzləri, prodüserlər işləməlidir. Reklam sahiblərindən təkliflər gəlməlidir. Bunlar hamısı bir-biri ilə bağlıdır. O layihələrin əksəriyyəti reklama bağlıdır. Bunlar hamısı düşünülmüş layihələrdir və uzunömürlü olmasının səbəbi də arxasında tamaşaçı auditoriyasının və maliyyə mənbələrinin dayanmasıdır. Yaxşı olar ki, yerli layihələr çox olsun və biz də ona baxaq televiziyaçılığımızı inkişaf etdirək. Ancaq pis eksperimetdənsə, sınanmış formatları buraya gətirmək daha uyğundur.

- Türkiyə Dövlət Televiziyası olan TRT1-də tarixi filmlər, seriallar çəkilir. Yüksək reytinqli bu filmlər həm tamaşaçı rəğbəti qazanır, həm də tarixi şəxsiyyətlərini daha da sevirlər. Niyə bizim televiziyalarda belə filmlər çəkilmir?

- Əslində bu çox ciddi məsələdir. Vaxtilə ölkə başçısı serial çəkilməsi üçün 10 milyon manatdan çox vəsait ayırmışdı. O vaxt təklif edənlər var idi, mən də o fikirdə idim ki, məsələn, bizdə “Qılınc və qələm”, “Zəngəzur” romanı ilə bağlı, Azərbaycan tarixini bu və ya başqa sahələrdə əks etdirən romanlar əsasında seriallar çəkmək olar. Bunun üçün də ölkədə serial çəkən rejissorlar, prodüserlər, yəni yaradıcı heyət olmalıdır. Bizim yaxşı sənətkarlarımız, rejissorlarımız var, bu işi bilənlər var. Ancaq məncə bu sahə ciddi şəkildə inkişaf etməlidir. Onun inkişafı üçün də sərbəst bazar olmalıdır. Prodakşın bazarı olmalıdır, müstəqil studiyalar bu filmləri çəkməlidir. Heç bir televiziya o cür seriallar çəkmir. Bunu istehsal studiyalarında çəkib televiziyalara satırlar. Bizdə də o bazar formalaşsa həm kinostudiya işləyə bilər, həm müstəqil istehsal studiyaları formalaşıb inkişaf edə bilər. Bu da bütövlükdə televiziya, kino bazarının inkişafına təkan verə bilər. Bu ciddi məsələdir və buna konseptual yanaşılmalııdr. Bizdə büdcədən maliyyələşən televiziya kanalları var. Bunların özündə yaxşı tamaşa, qısametrajlı filmlər çəkə bilərlər. Ancaq Türkiyə bazarında olan məsələn, “Diriliş Ərtoğrul”, “Möhtəşəm yüzyıl” kimi serialların çəkilməsi üçün çox böyük büdcə, maddi-texniki baza, yaradıcı intellektual sfera lazımdır ki, onu ərsəyə gətirə bilsinlər. Bu gün bütün dünyada tarixin təbliğinin ən yaxşı forması o cür kinolardan, seriallardan keçir ki, biz də ona diqqət yetirə bilsək yaxşı olardı.

- Elə televiziya kanalı var ki, sanki onun mövcudluğu belə unudulub. Ancaq xaricdə daha çox reytinq toplamaq üçün TV kanalları bir-biri ilə yarışırlar, daha yaxşı proqramlar təqdim etməyə çalışırlar. Bizdə TV menecmenti demək olar ki, yoxdur. Sizcə bu, məsuliyyətsiz yanaşmadır, yoxsa səriştəsizlikdir?

- Bizdə televiziya menecmenti bir az çərçivələri parçalayıb dağıtmaq və yeni televiziya sistemi yaratmaq baxımından müəyyən riskli addımlar tələb edir. Məsələn, bizdə dövlət televiziyasından sonra ANS meydana çıxdı, burada işin təşkili prodüserlik sistemi oldu. Sonra bu başqa televiziyalarda özünü göstərdi. Bunun daha mükəmməl forması “Xəzər” televiziyası yarananda meydana çıxdı. Sırf prodüser televiziyası idi və bizim alışdığımız ənənəvi redaktor studiyası yox idi. Ona görə televiziya idarəçiliyində, menecmentində, iqtisadiyyatında yeni səhifələr açılmalıdır. Mənə elə gəlir ki, bir çox məsələlərdə ona görə uğurları yoxdur ki, onlar bir tərəfdən çox sərbəst deyillər, yaxşı maliyyə mənbələri yoxdur və peşəkarlıq da çatışmayan cəhətlər sırasındadır.

- Dünya təcrübəsində “İlin proqramı”, “İlin aparıcısı” kimi mükafatlar verilir. Bizdə hansısa proqram belə mükafata layiq görülmür. Bu bizdə belə proqramların operativ olmamasındanmı irəli gəlir?

- Bu yaxınlarda bizim peşəkar televiziyaçılardan biri ilə fikir mübadiləmiz oldu ki, niyə Azərbaycanda televiziya sahəsində mükafat yoxdur. Mən arzulayardım ki, belə bir şey olsun. Çünki bizdə artıq böyük bir televiziya məkanı yaranıb və 4 minə yaxın audiovizual sahədə adam çalışır, yotube kanallarını da nəzərə alsaq bəlkə də onların sayı 5 minə yaxınlaşıb. Mənə elə gəlir ki, bu sahədə bir stimul yaratmaq üçün bu sahənin özünün mükafatı kimi kiçik televiziya oskarları yaratmaq olar. Bu yaxın zamanlarda ictimai fikirdə öz yerini tapa bilər. Mən bunun tərəfindəyəm. Əvvəllər olurdu, “Zərdabi”, “Media açarı” kimi mükafatlar alırdılar və bu yaxşı mənada yaradıcılıq bəhsi yaradırdı. Mən arzu edərdim ki, Televiziya Peşəkarları Assosiasiyası olsun. Necə ki, indi kinostudiyada Hüseyin Mehdiyevin rəhbərliyi ilə Rejissorlar Gildiyası yaradılıb. Ümumiyyətlə, yaradıcılığın özünə təkan verən mexanizmlər olmalıdır. Bu mükafatlandırma da o sistemlərin içərisindədir.

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu