Üzünü cıran qadın, “Qaracı” məzarlığı, Kakanın səhəngi və... – Ağdamdan REPORTAJ


İlk dəfə Ağdam adını 8 yaşımda eşitmişəm – 1993-cü ildə. O zaman heç bilmirdim Ağdam nədir, o ki qala Ağdamın şəhər olduğunu biləm. İsti yay günündə kənddə çəpər qonşumuz olan rəhmətlik Elya nənə bağda gilas ağacının altında oturub əlini dizinə döyə-döyə ağlayırdı. “Kaka” deyib qışqırmağından, saçını yolmasından, üzünü cırmasından qorxmuşdum.


Kaka Elya nənənin qızıdır. Qızın əsl adı Kəmalədirmi, Kərimədirmi – indi də bilmirəm, sadəcə Kaka kimi yadımda qalıb. Onu bilirəm ki, Elya nənə Kaka üçün, yəni qızı üçün üzünə-gözünə döyürdü. Bizim evin böyükləri Elya nənəyə təsəlli verdilər, yaxınları gəlib qadını bağdan evə apardılar. Bizimkilər də evə qayıtdı və bu hadisəni “şərh” etməyə başladılar.

Rəhmətlik nənəm dedi ki, “yazıq Elya neynəsin, qızdan heç bir xəbər yoxdur, keçən ay teleqram vurubmuş ki, narahat olmayın, yaxşıyıq. Erməni murazı gözündə qalmışlar da gəlib dolublar Ağdama. Televizorda da deyirlər yaman qırğın olub, yaman. Yazıqdı Elya, Allah bala dərdi verməsin”.

Kaka Bakıda oxuyan vaxt Ağdamdan olan bir oğlanla tanış olub, sonradan ailə qurub, Ağdamda yaşayırdı. Sonradan bildim ki, Elya nənənin bağda oturub üz-gözünü cıraraq ağladığı gün Ağdamın işğalı günü imiş. Ağdamda yaşayan qızından xəbər ala bilməyən ananın qışqırığı bu səbəbdən ərşə çıxıbmış. Şükr, Kakagil erməni quldurlarının əlindən qurtarıbmışlar. Səhv etmirəmsə, onlar Bakıda məcburi köçkün həyatı yaşayırlar. Daha doğrusu, yaşayırdılar. Axı, Ağdam indi azaddır.

İlk dəfə adını eşitdiyimdə qorxu keçirdiyim Ağdam şəhəri qorxulu deyilmiş, əsl kabus şəhər imiş

Ağdam azaddır demişkən, mənim uşaqlıqda ilk dəfə eşitdiyim Ağdam yaddaşımda qorxulu bir yer, xoşagəlməz bir kənd, yaşayış yeri kimi qalmışdı. Böyüdüm, oxudum, öyrəndim, ağdamlı dostlarım, tanışlarım oldu. Oxuduqlarımdan, dostların, tanışların danışdıqlarından bildim ki, Azərbaycanın, Qarabağın ən böyük rayonlarından, ən iri ticarət mərkəzlərindən, ən böyük mədəniyyət şəhərlərindən biri imiş Ağdam. Uşaqlığımda adını ilk dəfə qorxu ilə eşitdiyim şəhəri danışılanlardan sonra görmək arzusundaydım. Həmişə şəkillərdə Ağdamdakı Cümə məscidinin minarəsini görürdüm, maraqlı gəlirdi ki, onun yanında nə var?! Yaxud da Azərbaycanın Milli Qəhrəmanı, örnək ala biləcəyimiz kişi Allahverdi Bağırovun məzarı doğrudan da qalıbmı? Jurnalist dostumuz Səxavət Məmmədin haqqında nisgillə danışdığı nənəsigilin küçəsi necə bir küçədir?! Yazıçı dostumuz (məncə, jurnalistlərin əksəriyyətinin dostu) Aqil Abbasın yanğı ilə dediyi “İmarət” necə bir yerdir?! Şair Qulu Ağsəsin şeirində dediyi Uzundərə yoldur, yoxsa dərədir, nədir? Mərhum şair Yetim Eyvazın şeirində dediyi bir misra da hər zaman qulağımda idi – “Ağdam qeyrət idi, qeyrət də getdi”...



Diplomatik korpus nümayəndələri Ağdama səfər edib

Ağdam artıq azaddır, Ağdam artıq bizdədir. Şairin təbirincə desək, “qeyrətimiz” qayıtdı. Rəşadətli Azərbaycan Ordusu hər bir azərbaycanlı kimi məni də arzuma çatdırdı. Qarabağ uğrunda qanı tökülən, canını Vətən torpağına fəda edən qardaşlarımızın sayəsində arzum gerçəkləşdi və mən Ağdama gedə bildim.

İlk dəfə adını eşitdiyimdə qorxu keçirdiyim Ağdam şəhəri qorxulu yox e, əsl kabus şəhər imiş. Erməni quldurları vaxtilə mədəniyyət diyarı olan, ticarət mərkəzi olan bu böyük şəhəri sözün əsl mənasında xarabaya çeviriblər. Heç Çernobılda nüvə reaktorunun partlaması nəticəsində xarabaya çevrilmiş Pripyat belə deyil. Boşuna deməyiblər, Ağdam Qafqazın Xirosimasıdır.

Nə vaxtsa bir erməni görsəm, soruşacam: “qəbirləri niyə eşmişdiniz?”

Öncə Ağdamda Şəhidlər xiyabanına getdim. Azərbaycanın qəhrəman oğlu Allahverdi Bağırovun məzarını ziyarət etdim. Deyirdilər, Allahverdinin qəbrinə ermənilər toxunmayıblar. Belə deyil – toxunublar. Sadəcə goreşənlər qəhrəmanımızın nəşinin qalıqlarını eşib çıxarmayıblar. Bəli, təəccüblü gəlməsin, şəhidlikdəki digər şəhidlərimizin məzarını vandallar eşib, sümüklərini çıxarıblar. Hər qəbir yeri bir oyuq kimi qalıb. Adam dəhşətə gəlir – qəbri, məzarı eşmək nədir?!



Allahverdi Bağırovun məzarı tapıldı

Xeyli düşündüm, axı, bunlar ölülərimizdən nə istəyiblər? Ümumiyyətlə, düşmən də olsa, bəşər övladı dəfn olunmuş insanın məzarını niyə qazsın, niyə sümüklərini ordan çıxarsın?! Suala cavab tapa bilmədim – sadəcə özümə “anla ki, bunlar goreşəndirlər” dedim. O boyda şəhidlikdə eşilməmiş məzar qalmayıb. Nə vaxtsa bir erməni görsəm, soruşacam: “qəbirləri niyə eşmişdiniz?”. İnsan nə dərəcədə manyak, nə dərəcədə şərəfsiz ola ki, belə hərəkət edə?!

Hərbi müşahidə məqsədilə istifadə edilən məscid minarəsi...

Sonra Cümə məscidinin qarşısına getdim. Deyirəm axı, şəkildə gördüyüm məscidin yanında nələr olduğu həmişə marağımda idi. Heç nə, heç nə yoxdur, ağac belə! Düm-düz, daş-kəsək, qanqalın qurumuş şax-şüvəli... Vəssalam!

Ağdam azad ediləndən sonra kim buraya gedir, məscidin önündən şəkil çəkib paylaşırdı. Sən demə, elə bircə salamat tikili bu imiş, ona görə qarşısında dayanıb şəkil çəkdirirmişlər. Məscidin minarəsindən də düşmən hərbi müşahidə məqsədilə istifadə edirmiş. Güman ki, məscidi də ona görə uçurmayıblar. Yoxsa ki, bu goreşənlərin dini-imanımı var ki! Bu goreşənlərin mədəniyyət abidələrinə, tarixi abidələrə, tikililərə hörmətimi var ki! Əsla! Hörmətləri olsaydı, şəhəri düm-düz etməzdilər, məscidləri tövləyə döndərməzdilər.

Erməni vandalları mərkəzmi qoyub ki?

Düm-düz edilən şəhər demişkən, şəhərin mərkəzi hissəsindəyəm – mərkəzi hissə ha... Adama deyərlər, erməni vandalları mərkəzmi qoyub ki? Hansı ki, bir vaxtlar dayandığım “mərkəzdə” qaynar həyat hökm sürüb, inzibati binalar olub, muzey, teatr, ticarət mərkəzi, böyük bazar, mağazalar, çayxanalar, yeməkxanalar, bərbərxanalar və s. fəaliyyət göstərib. Hamısından olub. Amma olub – indi yoxdur.

Hə, bura isə həmişə haqqında danışılan məşhur “İmarət” stadionudur. Bilmirəm, əslində mən “İmarət” görmədim, sadəcə yer olaraq deyilir – “Bura “İmarət”dir”. Şəhərin mərkəzi küçəsi isə küçə yox, cığırdır - ətrafını 28 ildə ot basıb, daraldıb və yolu cığıra çevirib.

Keçdim Ağdamın məşhur tarixi “Qaracı” qəbristanlığına. Ağdamın mərkəzindən 6-7 kilometr aralıda yerləşən bu məzarlığın 200-dən çox yaşı var. Ağdam camaatının ölən yaxınlarını dəfn etdiyi bu məzarlıq da yoxdur. Haqqında bilməyən biri oranı görsə və ona desələr ki, bura 200 illik qəbristanlıqdır, qayıdıb deyər “get özünü dola”. Məzarlıqdan çox, taxıl səpmək üçün şumlanmış ərazini xatırladan qəbristanlıq Ağdam camaatının ürəyini hələ illərlə göynədəcək – buna əminəm.

Və Kakagilin ailəsinin məcburi köçkünlük həyatı beləcə başlayıb...

Yenidən şəhərin mərkəzinə qayıdıram... Darmadağın olmuş mənzillərin yanındayam. Bir zamanlar burda evlərin olduğu xətlərdən bilinir – sökülmüş, dağıdılmış tikililərin xımının xətlərindən. Yoxsa ki, ev hardadı?! Bəzi evlərin divarının bir hissəsi qalıb. Təsəvvür edin, elə ev var ki, içərisində qaratikan kolları bitib. Dağıntılar yanında rəngi gedən yerləri pas atmış çaynik var. Mən bu çaynikdən uşaqlıqda görmüşəm – 1990-larda modda idi. Hər gəlinin cehizi arasında mütləq bu çaynikdən olub. Allah bilir, hansı ağdamlının evidir, hansı ağdamlının evinin çaydanıdır?! Dərindən fikirləşəndə ürək göynəyir.

Küçənin digər tərədində, “ev”in həyətində, daşların arasında üzərində güllə deşiyi olan səhəng var. Bir anlıq düşündüm, bəlkə də bu səhəng Elya nənənin qızı Kakanın səhəngidir. Beynimdə ssenari də qurdum: Kaka bulaqdan su gətirirmiş, erməni başlarına güllə yağdıranda səhəngi həyətə atıb, qaçıblar. Və Kakagilin ailəsinin məcburi köçkünlük həyatı beləcə başlayıb...

Əslində ssenarini bir az yumşaq formada qurdum deyəsən. Məncə, daha dəhşətli olub. Çünki qarşımızdakı düşmənin nə qədər vəhşi olduğunu qəbirləri eşməklərindən bilirik. Nə qədər faşist olduqlarını Xocalı soyqırımında bizlərə hansı işgəncələri verdiklərindən bilirik.



Digər yerlərinə də getmək istədim, amma ANAMA-nın əməkdaşı xəbərdarlıq etdi: “Orada mina var”. Erməni vandalları işğal müddətində - 28 ildə demək olar ki, Ağdamın hər yerini minalayıblar. Məlumatlara görə, ən çox mina məhz Ağdama basdırılıb. ANAMA əməkdaşının sözünə əməl edirəm, təyin olunmuş marşrut üzrə qayıdıram.

Reportajım əhatəli deyilsə, qüsuruma baxmayın

Mən Ağdama getdim – bu reportajı yazdım. Bilmirəm, nə dərəcədə alındı, gördüklərimi nə dərəcədə canlı çatdıra bildim. Ola bilsin ki, o qədər də əhatəli olmadı. Axı, mən Ağdama əyani yox, qiyabi getdim. Reportajımı da Ağdam azad olunandan sonra jurnalist həmkarlarımızın səfərləri zamanı çəkdikləri, paylaşdıqları şəkilləri, videoları izləyib yazdım. Yəni mən Ağdama şəkillərdə, videolarda getdim – təşkil edilən jurnalist səfərləri ilə deyil.

Dəqiq bilmirəm: jurnalistlər işğaldan azad olunmuş ərazilərə hansı kriteriyalarla aparılırlar, hansı formada seçilirlər, jurnalistin özümü müraciət edir? Bildiyim qədərilə təşkilatçılar özləri seçirlər – zəng edib bildirirlər ki, “filankəs, filan vaxt filan yerdə ol, Ağdama gedəcəksən, Zəngilanda ağac əkməyə gedəcəksən” və s. Mənə belə zəng olunmayıb. Ona görə də, necə deyərlər, distant reportajım əhatəli deyilsə, qüsuruma baxmayın.

İnanıram ki, Ağdama yenə gedəcəm – bu dəfə əyani şəkildə. O zaman söz, daha əhatəli reportaj yazacam. Səfərə aparılan jurnalistlər dəstəsi ilə olmasa da, Aqil Abbas aparacaq. Ağdam azad olunanda Aqil müəllim söz verdi ki, səni Ağdama aparacam. O, sözünün üstündə duran kişidir.

Əsas olan odur ki, Ağdam bizdədir, Ağdam azaddır. Əsas olan odur ki, Azərbaycanın möhtəşəm üçrəngli bayrağı, qürur yerimiz 30 ildən sonra Ağdamda dalğalanır. Bundan sonra gedə biləcəyik. 30 il gözləmişik, bir qədər də gözləyərik. Necə deyərlər: “həsrət nə qədər uzundursa, vüsal o qədər şirin olur”.

Müəllif: Anar Bayramoğlu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45