Oralarda işləmək tarix yaratmaq deməkdir – usta ilə söhbət


“Ali təhsil almaq istəyirdim, amma qismət olmadı”.



Bu dəfəki həmsöhbətimiz həm müharibə iştirakçısı, həm də peşəkar suvaqçı Elçin Həsənovdur. Gəncədə mühasibat uçotu üzrə təhsil alsa da, ixtisası üzrə işləmək imkanı olmayıb: “Orta məktəbə bir il tez getdiyim üçün məktəbi də tez bitirdim. Əsgərlik yaşıma çatana qədər iki il ali məktəbə imtahan verdim, qəbul ola bilmədim. Sonra iki illik mühasibat uçotu təhsili aldım. 1993-cü ilin aprelində hərbi xidmətə yola düşdüm. 1997-ci ilin əvvəllərinə qədər hərbidə oldum. Sonra başladım tikinti sahəsində işləməyə. İnşaatdan ondan əvvəllər də anlayışım var idi. Mən Daşkəsənin Xoşbulaq kəndindənəm. Burada yay mövsümü olanda iş çox olur. Ümumiyyətlə kənd yerində böyüyən adamlar əkin-biçinlə bərabər tikinti-quruculuq işlərini də bacarırlar”.

Yaşadığı kənddə öz evlərinin damında işləyib ilk dəfə. Həmçinin həyətlərindəki tikilinin işini özləri aparıblar. Sonra ailəsi ilə Gəncəyə köçüb. Orada tikinti işlərini daha peşəkar formada öyrənərək çalışmağa başlayıb: “Orada ustalar vardı, Eldar, Vidadi, onların vasitəsilə həm peşəkarlaşdım, həm də mütəmadi olaraq işləməyə başladım. Yay mövsümündə əsasən Daşkəsəndə iş çox olur, oralara gedirik. Amma belə Gəncə ətrafında çox rayonlarda işə gedirik. Əvvəllər həm bənna, həm dülgər kimi çalışırdım. Sonralar səhhətimdə müəyyən problemlər olduğu üçün suvaq və beton işinə keçdim. Əslində tikintidə bütün işləri bacarıram”.

Tək, yaxud digər yoldaşlarla gedib-getməmək işin həcmindən asılıdır. Dediyinə görə, elə iş olur ki, tək işləmək mümkün olmur: “Xüsusilə də beton işi. Amma bəzən elə olur ki, xırda həcmli iş olur tək gedirik. Əsasən isə briqada halında işləyirik”.

Hazırda tikintidə müxtəlif texnikalardan istifadə edilsə də, onlar əllə işləməyə üstünlük verirlər. Əslində buna məcburiyyət də demək olar. Həmsöhbətimizin sözlərinə görə, beton işində daha çox ehtiyac olan mini mikser deyilən beton qarışdıran avadanlıqdır. Bundan başqa, suvaq vuran pompalar var, onlar da sərfəlidir. Lakin çox təəssüflər ki, baha olması səbəbindən onları əldə edə bilmirlər: “Norm Ustalar Klubunun bir yaxşı təklifi vardı ki, hər səfir üçün, yaxud hər ərazi üçün hissə-hissə pulunu ödəmək şərtilə bu avadanlıqlardan alınsın. Sonradan vəziyyət qarışdı, bu təklif təxirə düşdü”.

Daşkəsən zonasında hazırda iş azalıb. Buna karantinlə bərabər, həm də təbii şərait səbəb olub: “Hazırda dağlarda qar yağıb, soyuqdu hava”.

Elçin ustanın iki övladı var. Böyük övladı oğlandır, 11-ci sinifdə oxuyur. Kiçik qız övladı isə bu il 9-cu sinifdən Gəncə Humanitar Kollecinə qəbul olub.

Həmsöhbətimiz işğaldan azad olunan torpaqlarımızda işlərin artıq başlaması haqda məlumatlar olduğunu dedi. Bildirdi ki, oralarda gedən işlərdə elə indidən, qışın oğlan çağından gedib işləməyə hazırdırlar: “Həm ziyarət, həm ticarət” deyirlər. Biz oraları çoxdandır görmürük. Azərbaycanın ən səfalı, görməli yerlərindəndir. Zamanında mən oralarda olmuşam, döyüşçü kimi, indi isə bir işçi kimi faydamın dəyməsini istəyərdim. Oralarda işləmək tarix yaratmaq deməkdir. Daha çox görmək istədiyim yer Suqovuşandır, Şuşadır, Hadrutdur, Kəlbəcərdir. Oralarda gəzməyə də dəyər, işləməyə də”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu