Bakıda "Formula 1" və AVRO-2020 yarışları toqquşmayacaq


"Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) Nigar Arpadarainin rəhbərlik etdiyi şöbə Marketinq və kommunikasiya adlanırdı. Belə qərara alındı ki, marketinq şöbəsi satış və kommersiya şöbəsinin tərkib hissəsi olsun. Bu proses bir-biri ilə əlaqəli olduğu üçün marketinq şöbəsi kommersiya şöbəsinin tərkibindədir".

Bu fikirləri "Report"a açıqlamasında BŞH-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilən Ayan Nəcəf-Ağayeva deyib.

O, BŞH-nın Kommersiya şöbəsinə Bülent Özerdimin rəhbərlik etdiyini xatırladıb: "Bizdə Media ilə iş, Kommunikasiya, Sosial məsuliyyət və bütün funksiyalar birbaşa icraçı direktor Arif Rəhimova tabedir. Yarışın yeni Mətbuat katibi isə mən təyin edildim. Biz şöbə olaraq çalışırıq. Şöbədə daxili və xarici kommunikasiya, ictimaiyyətlə əlaqələr və media, yayım əməliyyatları var. Bu isə baş icraçı direktorun tərkibində olan ofisdir. BŞH-nin rəsmi olaraq iki xarici əməkdaşı var ki, bu rəqəm də dəyişməz olaraq qalıb".

Nəcəf-Ağayeva "BŞH-nın kommersiya baxımından hansı müqavilələr bağlayacağı gözlənilir" sualına belə cavab verib: "Bununla bağlı qarşıdakı həftələrdə kommersiya şöbəsinin səlahiyyətli nümayəndəsi məlumat verəcək. Adətən, yarışı keçirmək üçün bir il ərzində hazırlaşırıq. Məsələn, bu il yarış bitdisə, dərhal növbəti Qran-prinin hazırlığına başlayırıq. Buna görə də sponsorların adları, satış tarixləri, konsertlər və müğənnilərin adları əvvəlcədən məlum olur. Bu il isə son 3 ayda pandemiyaya görə tətbiq edilən karantin bir az yumşaldığından və açıq havada yarışların təşkilinə icavə verildiyindən, biz indi Qran-priyə daha ciddi hazırlaşmağa başlamışıq. Hazırkı məqamda bu məsələlərlə bağlı məlumatımız yoxdur. Azərbaycan Qran-prisinin titul sponsorsuz olacağını demək hələ tezdir. Bu barədə məlumatımız yoxdur".

BŞH rəsmisi Azərbaycan Qran-prisi üçün media nümayəndələrinə qoyulan tələblərdən də söz açıb: "Əsas məhdudiyyətlərdən biri odur ki, yalnız yayım hüququ olan televiziyalar yayım üçün əraziyə buraxılacaq. Bunlar isə "Formula 1 Management"lə birbaşa kommersiya müqaviləsi olan televiziyalardır. Azərbaycanda isə bu müqavilə "İdman TV" ilə mövcuddur. Yayım hüququ olmayan TV-lər müsahibələrdə, mətbuat konfranslarında və xüsusi sujetlərdə yayım həyata keçirirdilər. Bu il isə yayım hüququ olmayanlar yarış zonasına və mətbuat mərkəzinə buraxılmır. Bu da yarışda risklərin, xüsusən, pandemiya riskinin azalması üçündür. Azərbaycan da istisna deyil, bizdə də bu televiziyalar olmayacaq. Yazılı mətbuat və fotoqraflarda ciddi azalma, məhdudiyyət gözləmirik. Lakin pandemiyaya görə iş oturacaqlarının sayını azaltmaq məcburiyyətində qalmışıq. Bu səbəbdən, biz 150-dək media işçisi planlaşdırırıq. 150 medianın içində həm yerli, həm də xarici KİV nümayəndələri olacaq. Bu da onu göstərir ki, yarış azarkeşsiz keçirilsə də, təbliğat və media dəyəri özünü qoruyub saxlayır. Ona görə də yarışı keçirmək bizə faydalıdır".

Onun sözlərinə görə, "Formula 1" yarışı azarkeşsiz keçirildiyindən, tribunaların quraşdırılması nəzərdə tutulmur: "Hətta "Sky box" da nəzərdə tutulmayıb. Yarış meydanınının kənarında dəmir torlar və beton konstruksiya olacaq. Martın 28-dən şəhərdə "Formula 1" ab-havası hiss ediləcək".

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri podium mərasimində da bəzi məhdudiyyətlərin olacağını vurğulayıb: "Sadəcə, biz kuboku təqdim edəcəyik. Təqdimatdan sonra şampan partladılması və digər məsələləri "Formula 1" rəhbərliyi tənzimləyir. Həmin dövrdə durum necə olsa, ona uyğun hərəkət edəcəyik. Amma sırf bilirik ki, mətbuat konfransı on-layn formada olacaq. Pilotları qorumaq üçün sual-cavab sessiyası onlayn qaydada olacaq".

Nəcəf-Ağayeva iyunun 11-də start götürəcək futbol üzrə Avropa çempionatının "Formula 1"ə maneə törətməyəcəyini söyləyib: "AVRO-2020 üçün ilk komanda bizim yarış bitdikdən sonra - iyunun 7-də Bakıya gələcək. İlk oyun isə iyunun 12-də olacaq. Düşünürəm ki, yarışlarla bağlı toqquşma gözlənilmir. Bizim işçi qrup məsələ ilə yaxından maraqlanır".

Xatırladaq ki, bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu