İtaliyada hakimiyyət və məhkəmə toqquşmaları


İtaliyada Giorgia Meloni başçılıq etdiyi ifrat sağçı hökumət koalisiyanın aparıcı simalarına qarşı başladılan mübahisəli araşdırmalara görə İtaliya məhkəmə sistemi ilə güc mübarizəsinə girib. Məhkəmə sisteminin fikrincə, hökumətin ittihamları etimadı sarsıtmaq üçündür.


Meloni administrasiyası ədliyyə sistemindəki bir qrup hakimi gələn il keçiriləcək Avropa Parlamenti seçkiləri öncəsi fəal müxalifət rolunu oynamaqda və hökuməti devirməyə cəhddə ittiham edir.

İtaliyada turizm naziri Daniela Santançenin biznes əlaqələri ilə bağlı aparılan araşdırmadan sonra hökumətlə məhkəmə sistemi arasında gərginlik qaynar nöqtəyə çatıb.

Santançe keçən həftə parlamentdəki çıxışında onun araşdırılması ilə bağlı iddiaları rədd edib. Lakin bu söhbətdən qısa müddət sonra məhkəmə mənbələri Santançenin oktyabr ayından bəri iflas və saxta mühasibat qeydləri ilə bağlı təhqiqat aparıldığı barədə məlumat sızdırıb.

İtaliya hökumətinin məhkəmə sistemini günahlandırdığı başqa bir işdə isə Meloninin İtaliya Qardaşları partiyasından Andrea Delmastroya qarşı istintaqın dayandırılması tələbini rədd edən hakim sıx tənqidlərə məruz qalıb.

İtaliyada həbsdə olan anarxist Alfredo Kospitonun vəziyyəti ilə bağlı parlamentdə çıxış edən Delmastro məxfilik qaydalarını pozmaqda günahlandırılıb.

Koalisiya ortağı Forza İtaliyadan Maurizo Qasparri İtaliya məhkəmə sistemini konstitusiyaya hücumda günahlandırıb, hakimlər isə ittihamlara tez cavab veriblər.

Hakimlər İttifaqının baş katibi Salvatore Casciaro, irəli sürülən ittihamların məhkəmə sisteminin etibarına qarşı hücum olduğunu ifadə edərək, "Sadəcə hakim öz işini səbirlə yerinə yetirdiyinə və siyasətçinin narahatlığına səbəb olan işə baxdığına görə bunları etmək məhkəmə sistemini qanunsuz etməkdir" - deyib.

Təqaüddə olan hakim Karlo Sorgi isə, "Qanuni çərçivələr daxilində hərəkət etməyən bu sağçı hökumət, qanuni məhdudiyyətləri tətbiq etməyə çalışanlarla qaçılmaz olaraq toqquşacaq. Onlara qarşı iddia açıldıqda, onlar qalmaqal yaradır. Bu, gülüncdür. Əslində, ictimaiyyətin hakimlərə inamını azaltmaq üçün onlara hücum edirlər" - deyə prosesə münasibətini açıqlayıb.

Məlumdur ki, İtaliyadakı Meloni hökuməti sui-istifadə cinayətinin aradan qaldırılması və telefon dinləmələrinin məhdudlaşdırılması kimi addımlar atıb. Hakimiyyət də hakim və prokurorların karyera yollarını ayıraraq bir vəzifədən digərinə keçidin qarşısını almağa çalışır.

Bəzi məhkəmə üzvləri bu addımı məhkəmə orqanlarının cəzası kimi qiymətləndirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu