Lisey, gimnaziya və məktəb – fərq nədədir, necə olmalıdır?
Son günlər bir sıra lisey və gimnaziyalarla bağlı şikayətlər çoxalıb. Vətəndaşlar seçilmiş şagirdlərin təhsil aldığı bu müəssisələrdə təhsilin keyfiyyətindən narazılıq edirlər. Bildirilir ki, bir neçə müəssisə istisna olmaqla, dövlət nəzdində fəaliyyət göstərən gimnaziyalarda, liseylərdə tədris prosesi deyildiyi kimi yüksək səviyyədə aparılmır. Bəs lisey və gimnaziyaları orta məktəblərdən fərqləndirən nədir? Bu təhsil müəssisələrində təhsil prosesi necə qurulmalıdır?
Mövzu ilə bağlı AFN.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirdi ki, bunlar hər üçü fərqli anlayışlardır. Lakin üçünün də ümumi vəzifəsi təhsilə xidmət etməkdir, tədris aparmaqdır: “Məktəblərdə 1-ci sinifdən, hətta məktəbəqədər təhsildən başlayaraq şagirdlərin qəbulu həyata keçirilir. Burada şagird sıxlığı məsələsi aktual olaraq qalır. Bundan əlavə, məktəblərdə bilirsiniz ki, yataqxana olmur, xüsusi olaraq yeməklə təchizat yoxdur. Həmçinin məktəbdə konkret yaşadığın ərazi üzrə qeydiyyatdan keçib təhsil ala bilirsən. Məktəbin əsas fərqliliyi bunlardır. Gimnaziyalarda əsasən humanitar fənlərə üstünlük verilir. Burada yataqxana olur, yemək verilir, şagirdlər asudə vaxtlarını rahat keçirə bilirlər. Bizim elə gimnaziyalarımız var ki, bu amillər mövcuddur. Eyni zamanda gimnaziyalarda vahid geyim forması tətbiq edilir, Elm və Təhsil Nazirliyinin vahid tədris proqramına paralel olaraq əlavə fənlər də tədris edilir. Məsələn, uşaqlara etik qaydalar, psixoloji yanaşma, məntiqi təfəkkürün inkişafı ilə bağlı biliklər aşılanır, öyrədilir. Bu, hətta bəzi liseylərdə də var. Gimnaziyalarda müəllim heyətinin seçilməsi də fərqlidir. Necə ki, bura istedadlı şagirdlər xüsusi imtahan vasitəsilə seçilir, eləcə də müəllimlərin seçimi də bir qədər qəlizləşmiş formada aparılır, mümkün qədər daha savadlı namizədlərə üstünlük verilir. Gimnaziyalarda şagirdlər üçün xüsusi dərnəklər, inkişaf proqramları fəaliyyət göstərir.
Liseylərə gəldikdə, məktəb və gimnaziyalardan daha fərqli tədris metodu sərgiləyirlər. Konkret istiqamət müəyyənləşir. Bu texniki istiqamət ola bilər, STEAM əsaslı ola bilər, İT yönümlü sahələr ola bilər, texniki-humanitar ola bilər. Liseylərdə yataqxana və yemək məsələləri əsasən yoxdur. Burada keyfiyyətli müəllim anlayışına xüsusi üstünlük verilir, vahid geyim anlayışı burada da var. Məktəb, lisey və gimnaziya dedikdə biz lisey və gimnaziyanı hardasa eyniləşdirə bilsək də, məktəbi bura aid edə bilmirik”.
E.Əfəndinin sözlərinə görə, ümumilikdə götürsək, tədris prosesində bunların hər üçünün gəldiyi nöqtə birdir: liseydə oxuyan da, gimnaziyada oxuyan da, məktəbdə oxuyan da ali məktəbə hazırlaşır: “Bu, o deməkdir ki, hazırkı durumda bunlar arasında elə də fərq yoxdur. Gimnaziyada da artıq təmayülləşmə aparılmalıdır, şagird seçdiyi ixtisas üzrə fənlərdən təhsil almalıdır, liseydə də həmçinin o qayda tətbiq olunmalıdır. Amma gördüyünüz kimi, hazırkı vəziyyət ondan ibarətdir ki, bu təhsil müəssisələrində təhsil alan şagirdlər də hazırlıqlara üz tuturlar. Texnikidə təhsil alanlar humanitara gedir, humanitarda təhsil alanlar texnikiyə. Bu kimi çarpaz məqamları da görürük”.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə bu müəssisələr arasında ciddi fərq yoxdur. Ona görə də şagirdlərin orta məktəblərdə təhsil alması daha məqsədəuyğundur: “Biz övladlarımızın təhsilinə müəyyən yatırım ediriksə, repetitorsuz, hazırlıq kursu olmadan onlar ali məktəbə qəbul olmağa çətinlik çəkirsə, məncə, sıradan bir dövlər məktəbində təhsil almaları daha məqsədəuyğundur. Düzdür, liseyn və gimnaziyaların üstün tərəfləri məktəblərdən daha çoxdur. Nəzarət daha yaxşıdır, psixoloqlar mütləq qaydada çalışırlar, yemək təminatı var, asudə vaxtlarının təşkili, tədbirlərin təşkili və s. məktəblərdən daha üstündür, şagirdin assosial yox, sosial fəallığına təkan verir, şagirdin müəllimlə, öz şagird yoldaşları ilə düzgün kommunikasiya qurmasına təkan verilir. Bu baxımdan lisey və gimnaziyaların üstün tərəfləri var. Ölkədə hazırda 4440-a yaxın dövlət və özəl orta təhsil müəssisəsi fəaliyyət göstərir, onların da içərisində müəyyən sayda gimnaziya və liseylər var. Təəssüflər olsun ki, çox deyil. Amma gözlənilir ki, sayında artımlar olsun. Çünki burda əsasən təhsilin keyfiyyətinə və daha yaxşı müəllim heyətinə üstünlük verilir. Burda şagirdlərin imtahanla götürülməsi də ciddi məqamdır. Respublikanın hər yerindən xüsusi istedadlı şagirdlər bu imtahandan keçir və sonra yaxşı nəticələr qazanırlar ki, bu da həmin gimnaziyanın, yaxud liseyin imicinə müsbət təsir etmiş olur. Bütün bunlarla yanaşı, lisey və gimnaziyalara inam artırılmalıdır. Orda təhsil alan şagirdlərin sonradan əlavə hazırlığa getməsinə ehtiyac olmamalıdır. Bütün bunlar təmin olunarsa, bu təhsil müəssisələrinin sayının artırılması arzuolunandır”.
Həbibə ABDULLA