Təyyarəni qaçırmaq istəyən şəxs güllələnərək öldürülüb

Karib hövzəsindəki Beliz ölkəsində bıçaqla kiçik təyyarəni qaçırmağa cəhd edən ABŞ vətəndaşının təyyarədəki sərnişin tərəfindən güllələnərək öldürüldüyü bildirilib.
CBS News-un məlumatına görə, Beliz polis rəisi Çester Uilyams hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
Uilyams ABŞ vətəndaşı Akinyela Taylorun "Tropic Air" təyyarəsini bıçaqla qaçırmağa cəhd etdiyini bildirdi.
Təyyarə havada olarkən Taylorun bıçaq çəkdiyini və daxili reysin ölkə xaricinə yönəldilməsini tələb etdiyini bildirən Uilyams təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olduğunu qeyd edib.
Uilyams üç sərnişini bıçaqla yaralayan Taylorun daha sonra silah vəsiqəsi olan bir sərnişin tərəfindən vurularaq zərərsizləşdirildiyini söyləyib.
Beliz hava limanının rəsmiləri qeyd ediblər ki, təyyarə təsadüfi istiqamətlərdə uçduqdan sonra təhlükəsiz yerə enib və yaralılar xəstəxanaya aparılıb.