Çin öz maraqlarını ABŞ-dan qorumaq üçün lazımi tədbirlər görəcək - AÇIQLAMA

Pekin Vaşinqtonun Çin istehsalı olan gəmilərə liman rüsumları tətbiq etmək planlarına qarşıdır. Çin öz maraqlarını qorumaq üçün tədbirlər görəcək.
AFN.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
"Çin bununla bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Çin ABŞ-da baş verənləri diqqətlə izləyəcək və öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə lazımi tədbirlər görəcək” - deyə departamentin bəyanatında qeyd edilir.
Nazirlik hesab edir ki, ABŞ-ın planları Çin şirkətlərinin qanuni hüquq və maraqlarına ciddi potensial ziyan vurur, istehsal və təchizat zəncirlərini sabitsizləşdirir, ÜTT qaydalarını pozur: "Onlar qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət-iqtisadi nizamı ciddi şəkildə pozur".
Çin Ticarət Nazirliyi bildirib ki, Çin ABŞ-ı bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə riayət etməyə çağırır.