Çin ABŞ-ın tarifləri artırması ilə bağlı əks tədbirlərlə hədələyir
Çin hakimiyyəti ABŞ-dan Çində istehsal olunan bir çox mallar üçün nəzərdə tutulan rüsumların artırılmasından imtina etməyi tələb edir.
AFN.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ tərəfi dərhal yanlış yanaşmasını düzəltməli və Çinə qarşı bütün artırılmış tarifləri ləğv etməlidir.
Ticarət Nazirliyi xatırladıb ki, Pekin Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozan və vəziyyəti daha da pisləşdirən əlavə rüsumlarla bağlı dəfələrlə Vaşinqtona təqdimat verib: "ABŞ-ın bu cür hərəkətləri səciyyəvi birtərəflilik və proteksionizmdir, beynəlxalq ticarət nizamını, qlobal təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozur. Nəticədə, xərclər Amerika bizneslərinin və istehlakçılarının çiyinlərinə düşəcək. Çin lazımi tədbirləri görəcək və milli şirkətlərin maraqlarını qətiyyətlə qoruyacaq".