Kosmosda həyatın ən güclü sübutu tapılıb

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus James Webb Kosmik Teleskopu Yerdən yüzlərlə işıq ili uzaqlıqdakı planetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi izlər aşkar edib.
İngiltərənin Kembric Universitetində çalışan alimlər Günəşdən kənarda bir ulduzun ətrafında dövr edən K2-18b adlı planetin atmosferini tədqiq ediblər.
Tapıntılar Yer üzündə yalnız sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların mövcud olduğunu göstərir.
Oxşar kimyəvi izlər əvvəllər də aşkar edilib, lakin bu dəfə müşahidələr daha güclü siqnallar ehtiva edir.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, sözügedən məlumat hələ dəqiq deyil və əlavə araşdırma tələb edir.
Araşdırma qrupunun rəhbəri prof. Nikku Madhusudhan BBC-yə deyib ki, bu, kainatda həyatın ola biləcəyinə dair əlimizdə olan ən güclü dəlildir.
K2-18b planeti Yerdən təxminən 2,5 dəfə böyükdür və təxminən 700 trilyon mil məsafədədir. James Webb Teleskopu planetin atmosferindən keçən işığı analiz edərək kimyəvi tərkibi haqqında məlumat verə bilir.
Kembric Universitetinin tədqiqatçıları atmosferdə həyatla əlaqəli iki molekuldan birinin və ya hər ikisinin varlığının əlamətlərini aşkar ediblər: dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS). Yer üzündə bu qazlar fitoplankton və ümumiyyətlə dənizlərdə yaşayan bakteriyalar tərəfindən istehsal olunur.
Professor Madhusudhan bildirib ki, müşahidə pəncərəsi kifayət qədər qısa olsa da, qazın təəccüblü dərəcədə yüksək səviyyədə olduğunu aşkar ediblər.
Bununla belə, elm adamları əldə edilən məlumatların hələ qəti bir kəşf olmadığını bildirirlər. Elmi standartlara görə, kəşf 99,99999% dəqiqlik tələb edir, yəni beş siqma səviyyəsi. Bununla belə, son tapıntılar yalnız 99,7% inam səviyyəsinə çatıb - üç siqma.
Bu nisbət elmi dairələrdə diqqətəlayiq irəliləyiş hesab edilsə də, qəti nəticələr üçün kifayət deyil.
Edinburq Universitetindən Prof. Ketrin Heymans BBC-yə açıqlamasında bildirib ki, bu qazların bioloji mənşəli olduğunu fərz etsək belə, digər geoloji proseslərin oxşar molekullar əmələ gətirib çıxarmadığına əmin ola bilmərik.
Kembric qrupu bu ehtimalı nəzərə alaraq, sözügedən molekulların laboratoriya mühitində cansız proseslərlə əmələ gəlib-gəlmədiyini yoxlayır.
K2-18b planetinin quruluşu ilə bağlı elm aləmində müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar planetin atmosferində ammonyakın olmamasını səthdə nəhəng maye okean kimi şərh edirlər. Bu baxımdan ammonyak su obyekti tərəfindən udulmuş ola bilər.
Ancaq bu vəziyyəti həyat ehtimalını aradan qaldıran ərimiş qaya okeanı ilə izah edənlər də var. NASA Ames Araşdırma Mərkəzindən Dr. Nikolas Voqan K2-18b-nin səthi olmayan kiçik bir qaz nəhəngi ola biləcəyini bildirib.
Bütün bu fikirlər James Webb Teleskopundan alınan məlumatlar əsasında müxtəlif yollarla şərh edilir və elmi müzakirələrin hələ də davam etdiyini göstərir.
Araşdırmanın başında olan Prof. Madhusudhan "İllər sonra biz bu anı kainatdakı həyatın ilk dəfə əlçatan olduğu dönüş nöqtəsi kimi xatırlaya bilərik" deyib.
Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.