Husilər Yunanıstan gəmisinin ekipaj üzvlərini oğurlayıb

Husilər Qırmızı dənizdə batan Yunanıstana məxsus “Eternity C” yük gəmisinin ekipaj üzvlərini oğurlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin bəyanatında bildirilib.
“Husilər dənizçilərin bir neçəsini öldürdükdən, gəmiyi batırdıqdan və xilasetmə əməliyyatlarının aparılmasına mane olduqdan sonra "Eternity C" gəmisinin sağ qalmış bir çox ekipaj üzvünü oğurlayıblar. Biz onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Husilər ABŞ-ın onları niyə terrorçu təşkilat kimi tanıdığını bir daha bütün dünyaya nümayiş etdirir”, – deyə ABŞ diplomatik nümayəndəliyinin açıqlamasında qeyd olunub.
Gəmi heyəti 21 filippinli və 1 rusiyalıdan ibarət olub. “Reuters” agentliyinin məlumatına görə, ümumilikdə gəmidə silahlı mühafizəçilər də daxil olmaqla 25 nəfər olub. Axşam saatlarına olan məlumata əsasən, dörd nəfərin öldüyü təsdiqlənib. Avropa dəniz missiyası Aspides-in əməkdaşları ekipajın altı üzvünü xilas edə biliblər. Qalanları itkin düşmüş sayılır.
Gəmi iyulun 7-də hücuma məruz qalıb. Böyük Britaniya Kral Donanmasının Dəniz Ticarəti Əlaqələndirmə Mərkəzinin məlumatına görə, hücum edənlər “Eternity C” gəmisinin gövdəsinə qumbaraatanla beş mərmi atıblar. Yük gəmisi ciddi zərər görərək hərəkətsiz qalıb və çərşənbə günü səhər saatlarında batıb. Hadisə Yəmənin liman şəhəri Hodeydadan 51 dəniz mili qərbdə baş verib.