ABŞ Braziliya mallarına 50 faiz rüsum tətbiq edəcək


ABŞ 1 avqustdan etibarən Braziliyadan idxal olunan mallara 50%-lik gömrük rüsumu tətbiq edəcək.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.



O, bu qərarı Braziliya Prezidenti Luis İnasio Lula da Silvaya ünvanladığı məktubda açıqlayıb və bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.



Tramp xəbərdarlıq edib ki, əgər Braziliya cavab olaraq ABŞ mallarına qarşı rüsum tətbiq etsə, Vaşinqton bu addıma uyğun şəkildə tarifləri daha da artıracaq.



O əlavə edib ki, ABŞ-ın ticarət üzrə nümayəndəsi Ceymison Qrirdən Braziliyanın ABŞ-la ticarət münasibətlərində tətbiq etdiyi praktikalarla bağlı təcili araşdırma başlatmaq tələb olunub. Bu araşdırmanın nəticələrinə əsasən, ABŞ Braziliyadan idxal olunan mallara əlavə rüsumlar tətbiq edə bilər.



Ağ Evin rəhbəri, həmçinin, Braziliya hökumətinin keçmiş prezident Jair Bolsonaroya qarşı atdığı addımları tənqid edərək, bunları beynəlxalq rüsvayçılıq adlandırıb.



Trampın fikrincə, Bolsonaronun məsuliyyətə cəlb olunması üçün əsas yoxdur və bu addımlar Braziliyadakı azad seçkilərə qarşı təcavüzdür.



O, həmçinin Braziliya hökumətinin ABŞ şirkətlərinə məxsus sosial şəbəkələrlə bağlı siyasətini “amerikalıların söz azadlığına təhdid” kimi qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu