ABŞ Konqresinin üzvləri Rusiya banklarına yeni sanksiya layihəsini təqdim ediblər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Rusiyanın enerji sektoru və ya sanksiyalara məruz qalan rusiyalı hüquqi və fiziki şəxslərlə əlaqədə olan xarici banklara qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi irəli sürüblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ Maliyyə Nazirliyi bu cür bankların ölkədə normal fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlər görməlidir. Hədəfdə sanksiya altındakı Rusiya qurumlarına və şəxslərinə məqsədyönlü şəkildə maliyyə xidmətləri göstərən xarici maliyyə institutları və Rusiya enerji sektoru ilə işləyən qurumlar var.
Layihə Konqresin aşağı palatasının üzvləri – Ayova ştatından respublikaçı Zak Nann və Nyu-Cersi ştatından demokrat Coş Gottheymer tərəfindən hazırlanıb.
Nann və Gottheymerin fikrincə, bu tədbirlər ya beş il müddətində qüvvədə qalmalı, ya da ABŞ Prezidenti Donald Tramp Konqresi Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı destabilizasiya fəaliyyətlərini dayandırdığı barədə məlumatlandırana qədər davam etməlidir.
Qanun layihəsinə görə, ABŞ prezidenti bu sanksiyaları istəyə əsasən müvəqqəti dayandıra bilər, lakin bu müddət 180 günü keçməməlidir.