Kanada Rusiya ilə əlaqəli şəxslərə və təşkilatlara yeni sanksiyalar tətbiq edib


Kanada Rusiyanın hərbi-sənaye sektoru, eləcə də maliyyə və nüvə sektoru ilə birbaşa əlaqəsi olan 4 nəfər və 29 təşkilata qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.


Kanada hökumətindən verilən açıqlamada, sanksiyaların Rusiyaya qarşı Xüsusi İqtisadi Tədbirlər Proqramının bir hissəsi olduğu və Rusiyanın Ukraynaya geniş miqyaslı işğalında tərəfdaş olanları hədəf aldığı bildirilib. Həmçinin Rusiyanın hərbi-sənaye, maliyyə və nüvə sektoru ilə birbaşa əlaqəsi olan 4 nəfər və 29 təşkilata qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi vurğulanıb.

Sanksiyaya məruz qalanlar arasında 17 iyul 2014-cü il tarixində Ukraynanın şərqi üzərində uçarkən Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulmasında əlaqəsi olan Rusiya Silahlı Qüvvələrinin polkovniki, 53-cü zenit-raket briqadasının komandirinin olduğu da açıqlanıb.

Qeyd olunur ki, sanksiyaya məruz qalan şirkətlər həm mülki, həm də hərbi təyinatlı istifadə üçün aviasiya, dəniz və xüsusi nüvə texnikası kimi məhsullar hazırlayırlar. Bu şirkətlər arasında Rusiyanın “Vaqner” özəl mühafizə şirkəti tərəfindən istifadə edilən silahları istehsal edən “Promtexnologiya MMC” adlı bir şirkətin olduğu da bildirilir.

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un törəmə şirkətləri, o cümlədən Rusiyanın nüvə silahı sənayesinin bir hissəsi olan şirkətlər və Rusiya nüvə texnologiyasını xaricə satan ixrac agentliyinin də sanksiyalar çərçivəsində olduğu qeyd edilib.

Bildirilib ki, nüvə silahı sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyalar Rusiyanın bu sektordakı ehtiyatsızlığını məhdudlaşdırmaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin Rusiyanı beynəlxalq standartlara cavab vermədiyinə görə məsuliyyətə cəlb etmək səylərinə töhfə vermək məqsədi daşıyır.

Daha əvvəl G-7 müttəfiqləri tərəfindən sanksiyaya məruz qalan və “Putin rejimi” ilə birbaşa əlaqəsi olan maliyyə qurumları və dövlət şirkətləri ilə əlaqəsi olan şəxslər də sanksiya siyahısındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu