Yazılı mətbuat dövrün salnaməsidir...
Kitab sərgisində ADA Universitetinin təşəbbüsü ilə 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatının 20 cildlik kitab şəklində çap olunmasını görüb çox sevinmişdim. Bu təşəbbüs sayəsində tariximizin ən önəmli dövrlərindən birini addım-addım izləmək imkanı verən qəzetin səhifələri yox olmaqdan sığortalanıb...
Sevinən, bu ideyanın müəlliflərinə təşəkkür edən tək mən deyiləm. Əksər tarixçilər, araşdırmaçılar 20 cildlik bu kitabı yüksək dəyərləndirir, hətta bu addımın vacib olduğunu düşünür. Amma qəribə bir ziddiyyət var. Keçmiş dövrdə çap olunan qəzetin bütün saylarını qorumağa yönələn bu addımı dəstəklədiyimiz halda bugünkü yazılı mətbuatın yox olmasına səssizcə tamaşa edirik...
Yazılı mətbuat təkcə xəbər daşıyıcısı deyil — o, arxivdir, yaddaşdır, təhlil məkanıdır. Qəzet və jurnallar çap olunduğu dövrün salnaməsidir, ölkə tarixinin yaddaşıdır.
Doğrudur, Azərbaycanda oxu mədəniyyəti bir çox dünya ölkələri ilə müqayisədə həmişə zəif olub. Ancaq ən azında bu günkü qədər azalan xətlə də getməyib. Bu gün yazılı mətbuatın ölkəmizin informasiya ekosistemindəki rolunun sürətlə zəifləməsi, oxucu vərdişlərinin kəskin dəyişməsi, oxu mədəniyyətinin daha da geriləməsi, bu sahəyə dövlət dəstəyi mexanizmlərinin getdikcə məhdudlaşması aşkarca görünür.
Çap mediasının dövlət dəstəyindən məhrum edilməsi sadəcə iqtisadi qərar deyil — bu, informasiya mühitinin tədricən daralmasına gətirib çıxaran riskli bir siyasətdir. Ümumiyyətlə, “rəqəmsal dövr” bəhanəsi ilə ənənəvi medianı tamamilə arxa plana atmaq sağlam informasiya siyasəti ola bilməz. Əksinə, inkişaf etmiş ölkələrdə dövlətlər həm rəqəmsal, həm də çap mediasını paralel olaraq dəstəkləyir, çünki hər ikisi cəmiyyət üçün vacib funksiyalar daşıyır.
Çap mediasının yaşaması üçün dayanıqlı dəstək modelləri – subsidiya, layihə müsabiqələri, vergi güzəştləri və digər mexanizmlər – yenidən nəzərdən keçirilməlidir. Yazılı mətbuatın qorunması bir seçim deyil — məcburiyyətdir...
Röyanə CƏFƏR




