Ağ Ev yaxınlığında silah səsləri eşidilib
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında silah səslərinin eşidildiyi və təhlükəsizlik əməkdaşlarının qısa müddətə həyəcan vəziyyətinə keçdiyi bildirilib.
AFN.az xəbər verir ki, silah səsləri Ağ Evə yaxın ərazidə yerləşən İndependens prospekti ilə 15-ci küçənin kəsişməsində qeydə alınıb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Məxfi Xidmət ehtiyat tədbiri olaraq Ağ Evin həyətindəki jurnalistləri brifinq otağına toplayıb. Atəş səslərindən bir müddət sonra hər hansı bir təhlükənin olmadığı müəyyənləşib və həyəcan vəziyyəti ləğv edilib.
Ağ Evdə fəaliyyət göstərən bəzi müxbirlər həmin anlarda lentə aldıqları videoları paylaşıblar və Məxfi Xidmət əməkdaşlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri kameralara əks olunub.
