Şəhər quşları qadınlardan daha çox qaçır - ARAŞDIRMA
Göyərçin, sərçə və sağsağan kimi şəhər quşlarının insanlara reaksiyasını araşdıran yeni tədqiqat diqqətçəkən bir nəticəni ortaya qoyub.
AFN.az xəbər verir ki, quşlar kişilərin onlara qadınlarla müqayisədə daha çox yaxınlaşmasına icazə verir. "British Ecological Society" jurnalında dərc olunan araşdırma çərçivəsində 37 fərqli quş növü üzərində müşahidələr aparılıb.
Eksperimentlər zamanı boy və geyim baxımından bənzər xüsusiyyətlərə malik qadın və kişi iştirakçılar quşlara tərəf düz xətt üzrə addımlayıblar. Nəticələrə görə, qadınlar quşlara orta hesabla 8,5 metrə qədər yaxınlaşa bildiyi halda, kişilər bu məsafəni təxminən 7,5 metrə qədər azalda biliblər. Bu isə o deməkdir ki, quşlar kişiləri daha gec təhlükə kimi qəbul edirlər.
Alimlər quşların insanları fərqləndirərkən qoxu, bədən quruluşu və ya yeriş tərzi kimi amillərdən istifadə edə biləcəyini ehtimal edirlər. Tədqiqatın həmmüəllifi Federiko Morelli vurğulayıb ki, bu tapıntılar şəhər heyvanlarının ətraf mühiti qiymətləndirmə bacarıqlarının düşündüyümüzdən daha çox inkişaf etdiyini göstərir.
Mütəxəssislərin fikrincə, şəhər quşları insanların fərqinə varmadığı kiçik davranış və fiziki detallara qarşı həssasdırlar. Növbəti tədqiqatların quşların məhz hansı siqnalları qəbul etdiyini tək-tək araşdıraraq ortaya qoyacağı gözlənilir.


