Kolumbiyada kömür mədənində partlayış: 12 mədənçi dağıntılar altında qalıb
Kolumbiyanın Kundinamarka departamentində kömür mədənində partlayış baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 mədənçi yeraltı tunellərdə sıxılıb qalıb. Regionun qubernatoru Xorxe Emilio Rey bildirib ki, son məlumatlara görə, hadisə baş verən an mədəndə 15 işçi olub.
Onlardan üçü müstəqil şəkildə kənara çıxa bilib, bir nəfər isə müayinə üçün xəstəxanaya çatdırılıb. Qubernatorun sözlərinə görə, partlayış zamanı mədənçilər təxminən 600 metr dərinlikdə işləyirmişlər.
Hazırda paytaxtdan 70 kilometr aralıda yerləşən və "Carboneras Los Pinos" şirkəti tərəfindən idarə olunan mədəndə xilasedicilər gərgin iş rejimində çalışır. Partlayışın dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.


