Enerji bahalaşması amerikalıların həyat tərzini dəyişir - Avtomobil istifadəsi və səyahətlər azalır
ABŞ, İsrail və İran arasındakı gərginlik fonunda yanacaq qiymətlərinin sürətlə artması amerikalıların gündəlik həyatına birbaşa təsir etməyə başlayıb.
AFN.az xəbər verir ki, "Washington Post", "ABC News" və "Ipsos" tərəfindən keçirilən rəy sorğusuna əsasən, ABŞ sakinlərinin 44 faizi yüksək qiymətlərə görə avtomobildən daha az istifadə etdiyini, 42 faizi isə məişət xərclərini ixtisar etdiyini bildirib.
Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, ölkə üzrə benzinin orta qiyməti bir qallon üçün 4,43 dollara yüksəlib. Bu göstərici ötən ilin müvafiq dövründəki 3,15 dollar səviyyəsindən xeyli yüksəkdir. "GasBuddy" neft analitiki Patrik De Haan mövcud vəziyyəti təşviş doğuran rekord adlandıraraq, qiymətlərin yaxın həftələrdə daha da artacağı barədə xəbərdarlıq edib.
Ağ Ev isə bu artımın müvəqqəti olduğunu müdafiə edir. Sözçü Teylor Rocers qiymət artımını qısamüddətli axsaxmalar kimi xarakterizə edərək, Hörmüz boğazındakı dəniz hərəkəti normala döndükdən sonra enerji xərclərinin düşəcəyini vurğulayıb. Lakin ictimai rəy fərqlidir; sorğulara görə, seçicilərin təxminən 65 faizi yüksək benzin qiymətlərinə görə qismən və ya tam şəkildə Trampı məsuliyyətli hesab edir.
Digər tərəfdən, Tramp Konqresə verdiyi açıqlamada aprelin 7-dən bəri ABŞ-ın İranla birbaşa toqquşmaya girmədiyini və düşmənçiliyin sona çatdığını iddia edib. Buna baxmayaraq, o, hərbi müdaxilə ehtimalının masada qaldığını və Tehranın hələ kifayət qədər bədəl ödəmədiyini düşündüyünü bildirib.
