Kris Rayt: Hörmüz boğazındakı fasilələr neft qiymətlərini pik həddə çatdıracaq
ABŞ-ın Enerji naziri Kris Rayt Hörmüz boğazındakı gəmi hərəkətliliyində yaşanan fasilələrin davam etməsi səbəbindən neft qiymətlərinin yaxın bir neçə həftə ərzində pik həddə çata biləcəyini söyləyib.
AFN.az xəbər verir ki, "Semafor World Economy" konfransı çərçivəsində çıxış edən Rayt Hörmüz boğazındakı gərginliyin enerji qiymətlərinə təsirini qiymətləndirib.
İranla yaşanan gərginliyin onilliklərdir enerji təchizatı üçün risk yaratdığını qeyd edən nazir Donald Tramp administrasiyasının bu prosesin müvəqqəti təsirlər yaradacağını proqnozlaşdırdığını dilə gətirib. Rayt Hörmüz boğazından normal gəmi hərəkəti bərpa olunana qədər enerji qiymətlərinin yüksək qalacağını, hətta artacağını, neft qiymətlərindəki rekord göstəricilərin isə ehtimal ki, yaxın bir neçə həftə ərzində reallaşacağını vurğulayıb.
Qiymətlərin enişə keçməsinin müharibənin başa çatmasından asılı olduğunu bildirən Rayt yay aylarına qədər ucuzlaşma gözləməyin iddialı bir yanaşma olacağını deyib. Qeyd edək ki, ABŞ-İsrail və İran arasındakı müharibə səbəbindən Fars körfəzinin girişində yerləşən, Yaxın Şərqdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) dünya bazarlarına çıxarılmasını təmin edən Hörmüz boğazının faktiki olaraq bağlanması enerji bazarlarında böhrana yol açıb.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp İranla Pakistan arasında keçirilən danışıqların uğursuzluğa uğramasından sonra Hörmüz boğazını blokadaya almaq prosesinə başlayacaqlarını elan etmişdi. Bu bəyanatın ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən Bakı vaxtı ilə saat 18:00-dan etibarən İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilər üçün dəniz blokadasının qüvvəyə mindiyini açıqlayıb.
