Ağ Ev yaxınlığındakı hadisədə silahlı şəxs polis tərəfindən zərərsizləşdirilib
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında silahlı bir şəxsin polis tərəfindən vurulduğu açıqlanıb.
AFN.az xəbər verir ki, ABŞ Məxfi Xidmət rəsmisi bölgədə qısa müddətli həyəcana səbəb olan hadisə ilə bağlı mətbuat konfransı keçirib. Rəsmi şəxs İndependens prospekti ilə 15-ci küçənin kəsişməsində silahlı olduğu bildirilən şübhəlinin asayiş keşikçiləri tərəfindən atəş açılaraq vurulduğunu və həmin şəxsin xəstəxanaya yerləşdirildiyini bildirib.
Şübhəlinin səhhəti ilə bağlı hər hansı şərh verməyən rəsmi şəxs sözügedən şəxs üçün "gənc" ifadəsini işlədib. Qeyd edək ki, dünən günorta saatlarında Ağ Ev ətrafında silah səslərinin eşidilməsi barədə məlumat yayılmış, bu səbəbdən ərazidə fəaliyyət göstərən jurnalistlər təhlükəsizlik məqsədilə brifinq otağına toplanmışdı.
Təhlükənin olmadığı müəyyən edildikdən sonra həyəcan vəziyyəti ləğv edilib. Hadisə anında Ağ Evdə olan müxbirlərin paylaşdığı görüntülərdə Məxfi Xidmət əməkdaşlarının geniş təhlükəsizlik tədbirləri gördüyü əks olunub. Məxfi Xidmətin sosial media hesabından verilən məlumatda isə hadisəyə polis əməkdaşının müdaxilə etdiyi, bir nəfərin yaralandığı və vəziyyətinin hələlik məlum olmadığı təsdiqlənib.

