Mar-a-Lago-ya silahlı basqın cəhdi: Şübhəli Öldürüldü



ABŞ Məxfi Xidməti Donald Trampın Floridadakı "Mar-a-Lago" malikanəsinin ərazisinə ov tüfəngi və yanacaq bidonu ilə qanunsuz daxil olmağa çalışan şübhəlinin güllələnərək zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Qulyelmi "X" sosial şəbəkəsində hadisə ilə bağlı rəsmi məlumat paylaşıb. Açıqlamaya əsasən, yerli vaxtla saat 01:30 radələrində 20-li yaşlarında olduğu təxmin edilən bir şəxs iqamətgahın şimal qapısı yaxınlığında təhlükəsizlik xəttini pozub.

Məxfi Xidmət əməkdaşları və Palm-Biç Şerif Ofisinin personalı tərəfindən açılan atəş nəticəsində silahlı şəxs hadisə yerində ölüb.

Əlində ov tüfəngi və yanacaq daşıyan şəxsin kimliyi ailəsinə məlumat verilənə qədər gizli saxlanılacaq. Rəsmi açıqlamada o da vurğulanıb ki, insident zamanı malikanədə Məxfi Xidmət tərəfindən qorunan hər hansı şəxs, o cümlədən Donald Tramp olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında xəsarət alan yoxdur.

Hazırda Federal Təhqiqat Bürosu (FTB), ABŞ Məxfi Xidməti və Palm-Biç Şerif Ofisi hadisə ilə bağlı birgə araşdırmalara başlayıb. Hücumun motivi və şübhəlinin hədəfi araşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu