Dron texnologiyası ABŞ həbsxanalarını çətin vəziyyətə salıb
Dronların geniş yayılması ABŞ-dakı həbsxanalara da ciddi təsir göstərib.
AFN.az xəbər verir ki, bu hava vasitələri vasitəsilə cəzaçəkmə müəssisələrinə silah, mobil telefon və məhkumların qaçışını təmin edə biləcək alətlər göndərilir. CNN-in araşdırdığı faktlara görə, təkcə Cənubi Karolina ştatında ilin əvvəlindən aprelin 24-nə qədər 75 dronla qaçaqmalçılıq hadisəsi qeydə alınıb.
Rəsmilər ələ keçirilən bəzi bağlamalarda ət, xərçəng ayaqları və içərisində narkotik gizlədilmiş oyuncaqların tapıldığını bildirirlər. Qeyri-qanuni daşımaların məhkumların gizli istifadə etdiyi mobil telefonlar vasitəsilə idarə olunduğu vurğulanır. Bu əməliyyatların arxasında çox vaxt mütəşəkkil cinayətkar qruplaşmalar dayanır.
İnkişaf edən dron texnologiyası qaçaqmalçılıqda köhnə üsullarla müqayisədə daha effektiv və aşkarlanması çətin olan metodlardan istifadəyə imkan yaradır. Dronlar birbaşa həbsxana həyətinə və ya kamera pəncərələrinə qədər çata bilir. Göndərilən materiallar isə oyuncaq heyvanlar və ya idman toplarının içərisində gizlədilərək kamuflyaj olunur.
Həbsxana rəhbərlikləri bu təhlükəyə qarşı dron aşkarlama sistemlərini dövriyyəyə daxil edir, bəzi müəssisələrdə isə fiziki maneələr və torlar quraşdırılır. Mart ayında 21 ştatın prokuroru Milli Təhlükəsizlik Şurasına göndərdikləri birgə məktubda problemin ciddiliyinə diqqət çəkərək, dronlarla daxil olan narkotik və silahların zorakılıq riskini artırdığını vurğulayıblar.

