“Qeyri-adi sərnişin” səbəbindən təyyarə bir saat gecikib
ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko Körfəz Hava Limanında maraqlı hadisə yaşanıb.
AFN.az xəbər verir ki, "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarə “qeyri-adi sərnişin” ucbatından uçuşu bir saat gecikmə ilə həyata keçirib. San-Fransiskodan San-Dieqo istiqamətinə yollanan 1568 nömrəli reysdəki bu yubanmaya səbəb sərnişinlərin marağına səbəb olan "Bebop" adlı robot olub.
"FlightAware" məlumatlarına görə, saat 14:00-da havaya qalxmalı olan təyyarə, boyu 1,2 metr olan robotun səbəb olduğu prosedurlara görə uçuş zolağında gözləməli olub. Təyyarəyə minik başlamazdan əvvəl hava limanında gəzən robotla bir çox sərnişin xatirə şəkli çəkdirib. Lakin ekipaj üzvləri bu qeyri-adi sərnişinin necə daşınacağı ilə bağlı tərəddüd yaşayıblar.
"Bebop" adlı robot böyük ölçülü əl yükü qaydalarına uyğun olaraq pəncərə kənarındakı oturacaqda yerləşdirilib. Daha sonra isə batareya ilə bağlı problem yaranıb. Aviaşirkətin sözçüsü Linn Lunsford bildirib ki, cihazın litium batareyası icazə verilən maksimum ölçünü keçdiyi üçün sahibindən batareyanın çıxarılması xahiş edilib. Robotun yol yoldaşı Keti Braun isə baş verənlərə münasibət bildirərək, müasir dövrdə səyahət edərkən hər cür macəraya hazır olmağın vacibliyini qeyd edib.



