Sərnişinin kompüteri təyyarəni təcili enişə məcbur etdi
Londondan (Heathrow) Vaşinqtona gedən United Airlines UA925 reysi bir sərnişinin noutbukunun oturacaq ilə yan panel arasına düşüb qalması səbəbindən İrlandiyanın paytaxtı Dublinə təcili eniş edib.
Təyyarədə olan litium batareyanın isinmə və yanğın riski səbəbindən pilotlar təhlükəsizlik məqsədilə eniş qərarı veriblər.
Boeing 767 tipli təyyarə Dublinə endikdən sonra texniki heyət kompüteri sıxışdığı yerdən çıxarıb və zəruri yoxlamaları aparıb.
Uçuş daha sonra davam edib və təyyarə Vaşinqtona təxminən 5 saat gecikmə ilə, saat 01:22-də çatıb. Təyyarədə 100 sərnişin və 10 ekipaj üzvü olub.
Litium-ion batareyalı cihazların sıxışması və ya zədələnməsi halında çox isinərək yanğın çıxarma ehtimalı olduğundan belə hallarda təcili eniş standart tətbiq olunur.
United Airlines oktyabrda da oxşar bir hadisə səbəbindən uçuşunu ləğv etməli olmuşdu. O zaman bir sərnişinin işlək vəziyyətdə olan noutbuku kabin panelindən keçərək yük bölməsinə düşmüşdü.



