Çində fişəng fabrikində baş verən partlayışda 26 nəfər öldü
Çinin cənubundakı Hunan əyalətində atəşfəşanlıq məhsulları istehsal edən fabrikdə güclü partlayış baş verib.
AFN.az xəbər verir ki, hadisə nəticəsində 26 nəfər həyatını itirib, 61 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Sinxua" agentliyinin məlumatına görə, hadisə əyalətin inzibati mərkəzi olan Çanqşa şəhərinin Liyanq rayonunda yerləşən "Huasheng Fireworks" şirkətinə məxsus müəssisədə axşam saatlarında qeydə alınıb.
Çanqşa bələdiyyə sədri Çın Bojanq keçirdiyi mətbuat konfransında bildirib ki, ölənlərin hamısı fabrikdə çalışan işçilərdir. Hadisə yerinə dərhal yanğınsöndürmə, xilasetmə, ictimai təhlükəsizlik və səhiyyə sahəsindən 1500 nəfərlik heyət cəlb edilib və axtarış-xilasetmə tədbirləri artıq böyük ölçüdə yekunlaşıb.
Bələdiyyə sədri qeyd edib ki, ölənlər arasında ən yaşlı şəxsin 68 yaşı var, ən gənci isə 20 yaşlarındadır. Yaralıların müalicəsi Liyanq Xalq Xəstəxanasında və Liyanq Ənənəvi Çin Təbabəti Xəstəxanasında davam etdirilir. Əyalət Səhiyyə Komissiyasının rəsmiləri yaralılardan 6 nəfərin vəziyyətinin ağır olduğunu və reanimasiya şöbəsində yerləşdirildiyini bildiriblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin hadisə ilə bağlı bütün imkanların səfərbər edilməsi, araşdırmaların sürətləndirilməsi və məsuliyyət daşıyan şəxslərin cəzalandırılması barədə göstəriş verib. Dövlət başçısı yerli hakimiyyət orqanlarına müraciət edərək, baş verən faciədən dərs çıxarmağı, iş yerlərində təhlükəsizlik tədbirlərini artırmağı və riskli sektorlarda nəzarəti gücləndirməyi tapşırıb. Fövqəladə Halların İdarə Olunması Nazirliyi isə yardım işlərini koordinasiya etmək üçün bölgəyə xüsusi qrup göndərib.
Qeyd edək ki, Liyanq rayonu Çində əyləncə məqsədli partlayıcı və atəşfəşanlıq vasitələrinin əsas istehsal mərkəzi hesab olunur. Çində təhlükəsizlik tədbirlərinin qeyri-kafi olması səbəbindən bu növ fabriklərdə və anbarlarda vaxtaşırı bənzər qəzalar yaşanır. Cari ilin fevral ayında Bahar Bayramı şənlikləri zamanı müxtəlif əyalətlərdəki mağazalarda baş verən partlayışlarda 20 nəfər ölmüşdü. Həmçinin, 2025-ci ilin iyun və oktyabr aylarında da Hunan əyalətində bənzər bədbəxt hadisələr qeydə alınmışdı.


