Livanda faciə: Trablusşamda bina çökdü, ölənlər var
Livanın şimalındakı Trablusşam şəhərinin Tebbene məhəlləsində köhnə bir binanın uçması nəticəsində 6 nəfərin həyatını itirdiyi, 7 nəfərin isə yaralandığı bildirilib.
Livan mətbuatında yer alan xəbərlərə görə, şəhərin şimalındakı Tebbene məhəlləsində yerləşən beşmərtəbəli bina hələlik məlum olmayan səbəbdən çöküb. Binanın uçmasından dərhal sonra hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb edilib.
Trablusşam bələdiyyə sədri Əbdülhəmid Kərimə keçirdiyi mətbuat konfransında binanın çökməsi nəticəsində 6 nəfərin vəfat etdiyini, 7 nəfərin isə yaralandığını qeyd edib. Kərimə dağıntılar altında qalan digər şəxslərin xilas edilməsi üçün işlərin intensiv şəkildə davam etdiyini ifadə edib.
Şəhərdə çox sayda riskli binanın olması səbəbindən Trablusşamı "fəlakət bölgəsi" elan etdiklərini bildirən bələdiyyə sədri, hökumətin bütün qurumları ilə lazımi addımları atmalı olduğunu vurğulayıb. Hadisə baş verən zaman binada neçə nəfərin olduğu barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, yanvarın 24-də də Trablusşamın Kubba bölgəsində 5 mərtəbəli bina çökmüş, dağıntılar altında qalan 4 nəfər sağ xilas edilsə də, 1 nəfər həyatını itirmişdi. Bu son hadisə şəhərdəki tikililərin dayanıqlılığı məsələsini yenidən gündəmə gətirib.


