SpaceX-ə qarşı kollektiv iddia: Evlərimiz zərər görüb
ABŞ-ın Texas ştatında yaşayan 80 nəfər raket sınaqları zamanı yaranan güclü səs partlayışlarının evlərinə ziyan vurduğunu iddia edərək SpaceX şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, "Texas Tribune" nəşrinin yaydığı məlumata görə, iddia 2023-cü ilin apreli ilə 2025-ci ilin oktyabrı arasında həyata keçirilən 11 raket sınağını əhatə edir.
Məhkəmə sənədlərində qeyd olunur ki, raketlərin həm orbitə buraxılması, həm də geri qayıtması zamanı evlər uzun müddət yüksək və dağıdıcı küyə məruz qalıb. Səs sürətini aşan obyektlərin yaratdığı bu dalğaların pəncərə şüşələrinin qırılması kimi fiziki fəsadlara yol açdığı bildirilir. Sakinlər, həmçinin 2023-cü ildəki "Starship" buraxılışı zamanı 33 mühərrikli raketin yaratdığı qüvvənin start meydançasını dağıtdığını iddia edirlər.
ABŞ Federal Aviasiya Administrasiyası 2025-ci ildə SpaceX-ə Cənubi Texasdan ildə 25-ə qədər raket buraxma icazəsi verib ki, bu da əvvəlki illə müqayisədə təxminən 5 dəfə artım deməkdir. Şirkətin bölgədəki fəaliyyəti sürətlə genişlənib və 2025-ci ildə "Starbase" adlı qəsəbə salınıb.
Digər tərəfdən, sınaqlar səbəbindən sahil zolağının 13 kilometrlik hissəsinin vaxtaşırı bağlanması da əlavə hüquqi mübahisələrə yol açıb. Qeyd edək ki, 2002-ci ildə qurulan və İlon Maskın rəhbərlik etdiyi SpaceX-in yaxın gələcəkdə səhmlərini birjada kütləvi satışa çıxarmağa hazırlaşdığı bildirilir.
