O qatarın dalınca baxma... - Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi?


Azərbaycan Dəmir Yolları (ADY) ölkənin nəqliyyat sisteminin qan damarı sayılsa da, bu gün həmin "damarlarda" ciddi tıxanıqlıqların olduğu müşahidə edilir. Sürətli qatarların gəlişi ilə bir qədər müasir görüntü qazanan qurum, pərdəarxasında hələ də köhnə problemlərlə və ağır maliyyə yükü ilə "boğuşur". 

Dəmir yolları bir ölkənin iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir. Lakin bu sistem korrupsiya iddiaları, böyük borc yükü və idarəetmə zəifliyi ilə "paslanırsa", burada artıq kosmetik dəyişikliklər yox, ciddi əsaslı təmir lazımdır. Dövlətin milyardlıq borcları bağışlaması ADY-yə böyük bir şans verib. Lakin bu şansın sərnişin rahatlığına və texniki mükəmməlliyə nə dərəcədə çevriləcəyi hələ də sual altındadır. Sərnişin sadəcə bilet almır, o həm də təhlükəsizlik və rahatlıq alır. ADY isə hələ ki, bu "alveri" tam dürüstlüklə yerinə yetirə bildiyini sübut etmək üçün rəqəmlərdən daha çoxuna ehtiyac duyur.

Milyardlıq borclar və dövlətin "hədiyyəsi"

ADY-nin maliyyə vəziyyəti uzun müddətdir ki, ən çox müzakirə olunan mövzulardan biridir. Qurumun topladığı nəhəng zərərlər və borc yükü dövlətin birbaşa müdaxiləsini qaçılmaz edib. Məlumdur ki, 2024-cü ilin fevral ayında Nazirlər Kabinetinin sərəncamı ilə ADY-nin 1 milyard 70 milyon manat məbləğində dövlət zəmanətli borcu bağışlanıb. Bu addım qurumun maliyyə sağlamlığı üçün "nəfəslik" rolunu oynamalı idi.

ADY-dən verilən rəsmi açıqlamaya görə, dövlət zəmanətli borcların bağışlanması ADY-nin maliyyə əmsallarına müsbət təsir göstərib: "Həmçinin bu proses nəticəsində borc ödənişlərinə yönəldilməsi nəzərdə tutulan vəsaitin dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsinə və dəmiryol hərəkət tərkibi parkının yenilənməsinə yönəldilməsi imkanı yaranıb." Lakin bu bağışlanmaya baxmayaraq, borc yükü tam bitməyib. 31.12.2025-ci il tarixinə ADY-nin dövlət zəmanətli borcu hələ də 519,96 milyon AZN ekvivalenti təşkil edir.

Tibb müəssisələrindən imtina: 10 milyonluq qənaət

Qurumun maliyyə yükünü azaltmaq üçün atdığı digər addım profilinə uyğun olmayan sahələrdən uzaqlaşmaqdır. Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, ADY-nin balansındakı tibb müəssisələri aidiyyəti dövlət orqanlarının tabeliyinə verilib. Bu proses nəticəsində 1514 nəfər əməkdaş transfer edilib. Qurumun qənaət hesabatı isə belədir: "Dəmir yolunun əsas fəaliyyət istiqamətinə daxil olmayan tibb müəssisələrinin aidiyyəti müəssisələrin tabeliyinə verilməsi nəticəsində ADY büdcəsinə 10 milyon manatdan çox qənaət edib."

Xarici borclar və istiqraz emissiyası

ADY-nin maliyyə hesabatlarında birbaşa xarici borcların da payı var. 2025-ci ilin sonunda qurumun birbaşa cəlb etdiyi xarici borcun həcmi 45,29 milyon AZN ekvivalenti olub. Qurum 2025-ci il ərzində bu kreditlər üzrə 11,54 milyon AZN əsas məbləğ və 2,19 milyon AZN faiz məbləği olmaqla bütün ödənişləri qrafikə uyğun icra etdiyini bildirir.

Lakin maraqlı məqam ADY-nin daxili borclanmaya gedərək istiqraz buraxmasıdır. Qurum bunu borc strukturunu şaxələndirmək və alternativ mənbə axtarışı ilə izah edir: "Qarşıya qoyulmuş hədəflər və artan yükdaşımalar fonunda əməliyyatların səmərəli və vaxtında icrası üçün mühüm əhəmiyyət kəsb edən ADY-nin hərəkət tərkibi parkının yenilənməsi ilə əlaqədar layihələrin effektiv maliyyələşdirilməsinə ehtiyac yaranıb. Faiz xərclərinin azaldılması, daha geniş investor bazasına çıxışın təmin edilməsi, borc strukturunun şaxələndirilməsi və alternativ kapital mənbələrinin genişlənməsi baxımından bəzi layihələrin ADY tərəfindən istiqrazların emissiyası vasitəsilə maliyyələşdirilməsi uyğun hesab olunub. Belə ki, ADY tərəfindən emissiya edilmiş istiqrazlardan əldə olunan 30 milyon ABŞ dolları məbləğində kapital 7 ədəd lokomotivin alınmasına yönəldilib".

Gecikmələr və sərnişin şikayətləri: "Bir dəqiqəlik" statistika

Bütün bu rəsmi rəqəmlərin arxasında isə real sərnişin məmnuniyyəti dayanər. Bakıdan bölgələrə, xüsusilə Bakı-Ağstafa/Qazax xətti ilə gedən sərnişinlər texniki nasazlıqlardan, gecikmələrdən və kondisioner problemlərindən şikayət edirlər. ADY-nin bu şikayətlərə münasibəti olduqca optimistdir. Qurum bildirir ki, 2025-ci il ərzində texniki nasazlıq səbəbindən orta günlük gecikmə cəmi 1 dəqiqə təşkil edib.

Gecikmələrin səbəbi kimi isə kənar amillər göstərilir: "Gecikmələrə, əsasən, qatarın qarşısına keçid olmayan sahələrdə qəfil insan çıxması, qatara daş atılması, relsin üstünə daş düzülməsi, nəzarətsiz buraxılan mal-qaranın qatarın qarşısına çıxması, cərəyanqəbuledicinin işində nasazlıq və digər texniki amillər səbəb olub." İl ərzində əlaqə mərkəzinə 500-dən çox şikayət daxil olsa da, ADY rəhbərliyi ən çox müraciətin bilet qaytarılması və NFC ödənişləri ilə bağlı olduğunu vurğulayır.

Baxımsız stansiyalar...

Kənd yerlərindəki dəmir yolu stansiyalarının baxımsızlığı vətəndaşların ən çox tənqid etdiyi məqamlardandır. ADY bu istiqamətdə işlərin mərhələli şəkildə getdiyini və artıq Qazax, Yevlax, Goran, Ucar, Ləki, Mingəçevir, Balakən, Qax, Zaqatala kimi stansiyaların təmir olunduğunu bildirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu