Bakının dalana dirənmiş "pilot layihəsi", kim haqlıdır, kim yox?- ŞİKAYƏT




Artıq bir neçə ildir ki, Bakıda keçmiş SSRİ zamanında tikilmiş binaların yerində yeni tikililərin inşası üzrə pilot layihə həyata keçirilir. Şəhərin Nərimanov, Səbail, Yasamal və s rayonları ərazisində reallaşdırılan bu layihələr Nazirlər Kabinetinin uyğun sərəncamı ilə icra olunur. Sərəncama görə, şəhərin müəyyən küçələrində yerləşən binaların ərazisi icra hakimiyyətləri tərəfindən seçilmiş tikinti idarələrinə verilir və həmin şirkətlər qarşısında binaları sökmək, yerində yenisini tikmək , köhnə bina sakinlərini tikilən binalarda təmir olunmuş yeni mənzillə təmin etmək öhdəliyi qoyulur. Özü də yeni binanın tikildiyi zaman kəsiyində tender qalibi olan şirkət köhnə bina sakinlərinin kirayə qalmaq xərcini 100 faiz dəyərində mütləq ödəməlidir.



İlk baxışdan düşünülə bilər ki, bundan yaxşı nə təklif ola bilər? Köhnə binaların yeniləri ilə əvəzlənməsi həm şəhərimizin simasını gözəlləşdirir, həm də sakinlərə tavanı alçaq, sahəsi kiçik mənzillərini daha geniş yaşayış sahəsi ilə əvəzlmək imkanı yaradır.

Amma Bakının Səbail rayonu, Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında yaranmış vəziyyət heç də düşünüldüyü kimi sadə deyil. Bu ünvanda yaşayan sakinlərlə həmin ərazidə bina tikməyə məsul olan "Sabah Residence” MTK və onun təsisçisi olan"Qala Group” MMC arasında yaranan münaqişə pilot layihə çərçivəsində tikilməsi nəzərdə tutulan evin inşasını dalana dirəyib.

Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında 48 ailə yaşayır, onlardan 23 ailə MTK ilə razılaşıb, 25 ailə isə sökülən binanın yerində tikiləcək binada mənzil almaq istəmir. Həmin aiələr MTK-dan ya onların mənzillərini bazar qiymətinə almağı, ya da ətrafda olan binalarda yerlədşirməyi tələb edir. Əks halda sakinlər mənzillərini tərk etməyəcəklərini deyirlər.

"Sabah Residence” MTK-dan şikayət edən binanın sakinləri redaksiyamıza müraciət edərək bildirdilər ki, özlərini MTK nümayəndələri kimi təqdim edən bir neçə şəxs sakinləri zorla yaşadıqları mənzillərdən çıxarmağa çalışır.

Onları narahat edən məsələlərdən biri tikintinin qanunsuz aparılması ehtimalıdır. Belə ki, sakinlərin fikrincə, 2016-ci ildə Nazirlər Kabineti tərəfindən pilot layihə çərçivəsində Səbail rayonu, Xanlar küçəsində yerləşən yaşayış evləri ilə bağlı sərəncam verilib. Həmin sərəncamda Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən bina göstərilməyib. Sakinlər hesab edir ki, onların yaşadıqları küçə sənəddə qeyd olunan Xanlar küçəsi ilə horizontal yerləşdiyindən pilot layihəyə daxil edilə bilməz. Odur ki, Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanında yerləşən binaların sökülməsi sakinlərin təbirincə desək MTK əməkdaşlarının, özfəaliyyətidir.

"Bizim binamızı da sökəcəklərini deyəndə onlara bildirdik ki, bizim binamız pilot layihəyə düşməyib, sərəncam da yoxdur, dedilər ki, problem deyil. Səhərisi gün sərəncam gətirdilər ki, sizin bina da plana düşür. "Sabah Residence” MTK əməkdaşlarının sözlərinə görə onlar evlərimızı söküb yerində 19 mərtəbəli olan 4 bina tikəcəklər və bizə də oradan ev veriləcək. İstəmədiyimiz təqdirdə bizi traktorun altına alıb binadan çıxaracaqlar”, - deyə şikayətçilər vurğulayır.

Sakinləri narahat edən məqamlardan biri də 30 avqust 2017-ci il tarixində yaradılan "Sabah Rezidence” MTK-nın indiyə qədər hündürmərtəbəli bina tikmək təcrübəsinə malik olmamasıdır. "Bu şirkət məhz bu layihəni icra etmək üçün yaradılıb. Odur ki, onlara sürüşmə zonasında 19 mərtəbəli binanın tikintisinin tapşırılması düzgün deyil. Biz əmin deyilik ki, bu MTK keyfiyyətli bina inşa edə bilər”, - deyə sakinlər etiraz edir.

"Biz dəfələrlə aidiyyəti qurumlara (Nazirlər kabineti, Prezident Administrasiyası, İcra Hakimiyyəti və s.) müraciət etsək də heç bir nəticə əldə edə bilməmişik. Yazdığımız bütün müraciətlər, məktublar hamısı qayıdır İcra Hakimiyyətinə. İcra Hakimiyyətinin də cavabı odur ki, bina söküləcək, yerinə təzə bina tikiləcək. Lakin onlardan tikinti ilə bağlı sərəncamı, ayrıc aktını, MTK-nın tikinti aparma haqqında lisenziyasını, inşaat pasportunu, xüsusi nişanı, Fövqəladə Hallar Nazirliyindən (FHN) binanın qəzalı vəziyyətdə olması haqqında sənədləri, layihənin şəhərsalma tərəfindən əsaslandırılması haqda sənədi, FHN-dən geoloji mərkəzin rəyini, dövlət zamanətinin olması haqqında sənədləri, ən nəhayət MTK-nın (nizamnamə kapitalı 500 AZN olub , 30 avqust 2017-ci il tarixində yaradılıb) aktivləri haqqında sənədi istədikdə bizə heç bir sənəd göstərə bilmədilər”, - deyə sakinlər bildirir.

Şikayətçilər deyirlər ki, yaşadıqları binanın yararsız vəziyyətdə olması barədə Azərtikintilayihə Dövlət Layihə İnstitutunun aktı da saxtadır. Belə ki, sakinlər binalarına texniki baxış keçirmək üçün öz vəsaitləri hesabına özəl ixtisaslaşmış "MBA Consulting Group” şirkətinə müraciət edib. Şirkətin gəldiyi rəydə bildirilir ki, Bakı şəhəri Səbail rayonu ,Əli bəy Hüseynzadə, 8 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının orta fiziki aşınma göstəricisi 35,66 faiz təşkil edir. Qüvvədə olan normalara görə isə yaşayış binasının fiziki aşınma dərəcəsi 70 faiz və daha yuxarı olduqda bina yaşayış üçün yararsız sayılır.





Sakinləri narahat edən məqamlardan biri də onlara kirayə pulunun az təklif edilməsidir. Belə ki, məsələn, 3 otaqlı mənzildə yaşayan ailə eyni ərazidə eyni otaq sayı olan mənzil kirayə götürsə, bunun üçün ayda 500 manat ödəməli olacaq. Amma "Sabah Residence” MTK sakinlərə ayda 300 manat pul təklif edir.

Sakinlər, həmçinin binalarının yerində tikiləcək evdə hansı mənzillə təmin ediləcəklərinin də "Sabah Residence” MTK tərəfindən deyilmədiyinə də diqqət çəkirlər. "Yeni tikəcəkləri binanın 3D variantı yoxdur. Bizə bina tikiləndən sonra məhz hansı mənzillə təmin edəcəklərini bildirmirlər. Kiminsə mənzili indi dənizə baxır, kiminkisə külək tutmayan yerə açılır və biz konkret hansı mənzillə təmin olunacağımızı bilmək istəyirik. Amma bizə bu məlumatlar təqdim edilmir”, - deyə sakinlər narazılıq edir.

Onlar, həmçinin bildirir ki, MTK ilə bağlanacaq müqaviləyə inanmırlar və müqaviləni imzalayan hüquqi şəsxlər sırasında İcra Hakimiyyətinin olmasını tələb edirlər. "Bizə deyirlər gəlin MTK-ya üzv olun. MTK-ya üzv olmaq nə deməkdir? Əgər mən ora qol çəkirəmsə, mən onlarla "şərik” oluram. Sabah sən burada bina tikə bilmədin, iflasa uğradın mən səni məhkəməyə verə bilməyəcəm. Çünki mən öz xoşluğumla MTK-ya daxil olmuşam. Biz bununla razılaşa bilmirik. Biz deyirik ki, pul ver. Biz tikdiyin binada yaşamaq istəmirik. Onlar da deyir bizə sərf eləmir”, - deyə şikayətçilər söyləyirlər.





Məsələ ilə bağlı "Sabah Rezidence” MTK-ya müraciət etdik. MTK-ya ünvanladığımız məktuba elektron poçt vasitəsilə verilən cavabda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2017-ci il tarixli, 127 saylı sərəncamı ilə "Qala Group" MMC-yə həvalə edilmişdir. Sonradan Səbail rayon İcra Hakmiyyəti Başçısının 27 oktyabr 2017-ci il tarixli, 138 saylı sərəncamı ilə 25 sentyabr 2017-ci il tarixli, 127 saylı sərəncam ləğv edilmiş və həmin sərəncama əsasən həmin binaların sökülməsi, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinin həyata keçirilməsi "Qala Group" MMC-nin həmtəsisçisi olduğu "Sabah Residence” Mənzil-Tikinti Kooperativinə həvalə edilib.

Sərəncamın icrası ilə əlaqədar olaraq Tikintinin başlanılması üçün FHN Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 26348 saylı, 20.11.2018-ci il tarixli rəy verilib.

Həmçinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə barədə xüsusi nişan verilib.

"Sabah Residence” MTK cavabından da bəlli olur ki, MTK tikinti-quraşdırma fəaliyyəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İN/L-448/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli Lisenziya əsasında məşğul olur.

"Sabah Residence” MTK qeyd edir ki, Əli bəy Hüseynzadə küçəsi, ev 8 ünvanının girişində layihə ilə bağlı bütün sənədlər lövhə quraşdırılaraq orada yerləşdirilib və sakinlərin şirkətin fəaliyyətinin qanunsuz olması barədə səsləndirdiyi fikirlər onlarda çaşqınlıq yaradır.



Sakinlərə verəcəkləri mənzillərin əvəzində kompensasiyanın necə ödəniləcəyinə gəlincə isə MTK rəhbərliyi bildirir ki, adı çəkilən ünvanda yaşayan sakinlərin mənzillərinin əvəzinə həmin şəxslərə məxsus yaşadıqların mənzilin ümumi sahəsindən artıq əlavə sahə olmaqla, "Sabah Residence” MTK tərəfindən həmin ünvanda inşa ediləcək hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında təmirli mənzil verilməsi təklif olunur. Tərəflər arasında razılıq əldə olunduqdan sonra mənzil mülkiyyətçisi ilə "Sabah Residence” MTK arasında notarial qaydada təsdiq edilən "Əvəzləşmə Müqaviləsi” bağlanılır.

"Əvəzləşmə Müqaviləsi”nin 6.3-cü maddəsinə əsasən"Mülkiyyətçi” yaşayış sahəsini "Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq "Mülkiyyətçi”-yə təhvil verilənə qədər "Mülkiyyətçi”-nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün kompensasiya "Kooperativ” tərəfindən "Mülkiyyətçi”-yə ödənilir. Kompensasiya 3 (üç) aylıq qabaqcadan olmaqla "Mülkiyyətçi”-nin bank hesabına ödənilir.Mənzilin təhvil verilməsi ilə bağlı isə "Tərəflər” arasında "Təhvil-təslim Aktı” imzalanır.

Binanın tikilə bilməyəcəyi və yaxud şirkətin iflasa uğrayacağı təqdirdə evlərini MTK-ya vermiş sakinlər nə edə bilər sualına isə MTK rəhbərliyi icra hakimiyyətinin sərəncamı ilə cavab verdi. Belə ki, həmin sənədin yeddinci bəndində göstərilir ki, sifarişçi icra hakimiyyəti qarşısında öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə sərəncamın ləgv ediləcəyi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq. Amma bunun necə icra olunacağı və belə hal baş verərsə, faktiki mənzilsiz qalan və kirayədə yaşayan sakinin taleyinin hansı formada həll ediləcəyi sərəncamda göstərilməyib.





Beləliklə, dövlətin icra aparatının məsuliyyəti məsuliyyətsizcəsinə MTK-nın çiyninə atması pilot layihənin taleyini sual altına qoyur. Nəticədə haqlı görünən iki tərəf - sakinlər və "Sabah Residence” MTK çıxılmaz duruma düşürlər.

Onu da əlavə edək ki, belə durum təkcə Ə.Hüseynzadə küçəsi, 8 ünvanında yaşanmır. Belə ki, haqqın.az saytında 9 fevral 2019-cu il tarixdə verilən yazıdan bəlli olur ki, eyni hadisə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsində də baş verib. Həmin kücədə tikinti aparmaq istəyən "Mailbu” şirkəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidova ilə eyni problem yaşayıb. Belə ki, hakim evinin əvəzinə mənzilinin hər kvadrat metrinə 7 min manat olmaqla, 1,5 milyon manat ödəməyi tələb edir və şirkət tikintini dayandırıb. Belə olan halda Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında yaşayan sakinlər də haqlı mülahizə yürüdürlər. "Hakimə tələb qoymaq olar, bizə yox?”.



Ümid edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların istəklərini təmin etmək barədə məmurlara etdiyi çağırışa rəğmən, Əli bəy Hüseynzadə küçəsi, 8 ünvanında yaşayan sakinlərin tələbləri də öz layiqli həllini tapacaq.

Mənbə:Anews.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu