İşsizlik statistikası niyə açıqlanmır? - Sahil Babayevin sevdiyi rəqəmlər




Pandemiya dövründə düzgün sosial siyasət üçün işsizlik statistikasından vacib göstərici yoxdur.



AFN xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. " Azərbaycanda aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını indiyə qədər açıqlamayan əmək və əhalinin sosial müdafiəsi nazirinin sevə-sevə səsləndirdiyi rəqəm ilin əvvəlindən 110 min gizli iş yerinin leqallaşdırılmasıdır" deyən ekspertin sözlərinə görə, ağardılmış iş yerləri iqtisadiyyatda müsbət meyl kimi dəyərləndilir: "Bu fikrin əksinə olmasam da, gizli iş yerlərinin leqallaşdırılması (ağardılması) səbəblərinin təhlilini vacib hesab edirəm. Gəlin, görək iş yerlərinin ağardılması hansıı səbəblərdən baş verib.
Əvvəla, apel və may aylarında muzdlu işçilərin maaşlarının müəyyən hissəsinin müddətli kompensasiyası proqramının həyata keçirilməsi müzakirə olunarkən bu proqramdan yararlanmaq istəyən işəgötürənlər pandemiyanın ilk dövründə qeyri-leqal iş yerlərinin məşğulluq sistemində qeydiyyatına start verdilər. Amma işçilərinin qeydiyyatını tez bir zamanda rəsmiləşdirən işəgötürənlər kompensasiya almağa nail ola bilmədilər. Çünki hökümət yalnız martın 1-nə qədər qeydiyyatda olan muzdlu işçilərin maaşlarının müəyyən hissəsini kompensasiya etməyə qərar verdi.
İkincisi, rəsmi uçotda olmayan işçilər elektron icazə sistemində qeydiyyata dura bilmirdilər. Karantin rejiminədək qeyri-leqal olan işçilərinin işə çıxmasını karantin rejimində təmin etmək istəyən işəgötürənlər işçilərlə rəsmi əmək müqaviləsi imzalayıb, sonra da icazə portalından qeydiyatdan keçiriblər. Bu da gizli məşğulluğun leqallaşdırılmasına dəstək oldu".
Q.İbadoğlu qeyd edib ki, ən azı bu iki səbəbdən gizli məşğulluqda müsbət tendensiya yarandı və bu da qısa müddətdə müşahidə olundu, davamlı olmadı. Belə olan halda da bu dəyişikliyin geri dönməsi və gizli məşğulluğun əvvəlki səviyyəsinə qayıdacağı gözlənilir: "Odur ki, ƏƏSMN tez bir zamanda məşğulluq və işsizlik statistikasına dair məlumatları, ilk növbədə də aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını dövrü olaraq açıqlamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu