Ermənistanın rəhbərləri öz yalanlarına inanmağa başlayıblar

Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif çıxış və müsahibələrində dəfələrlə Azərbaycan tərəfdə hər hansı muzdlu və yaraqlıların vuruşmadığını, həmçinin qardaş Türkiyənin Azərbaycana yalnız mənəvi və siyasi dəstək göstərdiyini, münaqişə tərəfi kimi hərbi əməliyyatlarda iştirak etmədiyini ifadə edib.
Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktları olduğunu deyir, lakin indiyədək heç bir fakt təqdim edə bilmir. Hansısa ölkədə baş vermiş terror aktını dərhal şans kimi qiymətləndirən Nikol Paşinyan bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, "Rossiya 1" telekanalına Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələ arasında çox primitiv şəkildə paralellər tapmağa çalışır. Göründüyü kimi, Ermənistan bəşəri cinayət olan terrordan, günahsız insanların ölümündən də öz çirkin siyasətini doğrulamaq üçün “material” hazırlayacaq qədər simasını itirib. Lakin belə makiavellist yanaşmalar da iflasa uğrayan bu ölkəni acı məğlubiyyətdən xilas edə bilməyəcək.
Ermənistanın baş naziri bir yandan İrana terror təhlükəsi haqqında mesajlar ötürür, digər tərəfdən də İsraili şeytanla əməkdaşlıqda ittiham edir. “The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Sadəlövhcəsinə İsrail dövlətini və yəhudi xalqını aldada biləcəyini zənn edən bu “dahi strateq” belə ucuz fəndlərlə Azərbaycan-İsrail strateji münasibətlərinə xələl gətirməyi xəyal edir.
Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə birliyinin “terroru” və “dərin planları” ilə şantaj edə biləcəyini düşünəcək qədər dayaz siyasətçidir. İnqilab zamanı Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməniləri populist vədlərlə aldadaraq hakimiyyətə gəlməyə müvəffəq olan baş nazir hesab edir ki, oxşar üsulla dünya ictimaiyyətini, əsas siyasi güc mərkəzlərini də aldada bilər. Bütün bunlar onun siyasi və psixoloji portretini cızan əsas konturlardır.
Ermənistan prezidenti Armen Sarkisyan da son zamanlar "performans"ını xeyli yüksəldib və Paşinyandan heç də geri qalmır. RBK telekanalına müsahibəsində Dağlıq Qarabağın Azərbaycana 1920-ci ildə “verildiyini” deyən Armen Sarkisyan da mahir yalan ustası olduğunu ortaya qoyub. Qafqaz bürosunun Dağlıq Qarabağın Azərbaycan verilməsi yox, Azərbaycanın tərkibində qalması haqda qərar qəbul etdiyini gözəl bilən Ermənistan prezidenti məzlum və əzabkeş erməni obrazı yaratmaq və tarix boyu əzilən, haqqı tapdalanan xalq mifi formalaşdırmaq üçün tarixi saxtalaşdırmaq və faktları təhrif etmək yoluna baş vurub. O iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə “verildikdən” sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıyaalmasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki elə həmin siyahıyaalma üzrə 1989-cu ildə bütün Azərbaycan SSR ərazisində toplam 390 min erməninin yaşadığı məlumdur.
Azərbaycan Ordusu və onun uğurlu hərbi əməliyyatları gerçək reallıqları Ermənistan rəhbərliyinə anlatmağa qadirdir və tezliklə Ermənistandakı siyasi elita heç bir üsulun onlara kömək etməyəcəyini və həqiqətlərlə üzləşib məğlubiyyətlə barışmaqdan başqa yolun qalmadığını dərk edəcək.//report.az