İspaniyada Karles Puçdemona qarşı həbs qərarı ləğv edilib


İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş hökumət başçısı Karles Puçdemona qarşı həbs qərarının qüvvəsini ləğv edib.

AFN.az xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı Puçdemona ölkəyə qayıtmaq imkanı yaradır.

Qərar İspaniya Konstitusiya Məhkəməsinin Kataloniyanın müstəqilliyi ilə bağlı prosesdə iştirak edən şəxslərə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı əməllərə görə amnistiyanın tətbiq edilə biləcəyini təsdiqləməsindən sonra qəbul olunub.

Kataloniya separatçı prosesində iştirak edən şəxslərlə bağlı amnistiya qanunu 2024-cü ilin iyununda qüvvəyə minib. Buna baxmayaraq, Ali Məhkəmə Puçdemona qarşı milli həbs qərarını qüvvədə saxlayırdı və onun ittiham olunduğu dövlət vəsaitlərinin mənimsənilməsi cinayətinin amnistiyaya şamil olunmadığını hesab edirdi.

Puçdemon 2016-2017-ci illərdə Kataloniya hökumətinə rəhbərlik edib. Onun rəhbərliyi dövründə 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilib. Referendum İspaniya hakimiyyəti tərəfindən qanunsuz elan edilmişdi. Bundan sonra Puçdemon ölkəni tərk edərək Belçikaya gedib və hazırda orada yaşayır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu