APEC sammiti Yaponiya-Çin münasibətlərinə təsir göstərə bilər
Yaponiyanın Baş naziri Sanae Takaichinin Çinlə bağlı ritorikasını yumşaltmasına səbəb ola biləcək amillərdən biri noyabrda Şençjendə keçiriləcək APEC sammiti ola bilər.
AFN.az xəbər verir ki, bu barədə “China Daily” qəzetinin redaksiya məqaləsində bildirilib.
Qəzet yazır ki, Takaiçinin APEC sammitində iştirak etməkdə maraqlı olduğunu bildirməsi Tokionun Pekinlə münasibətlərdə diplomatik tonunu yumşaltması üçün əlavə səbəb yarada bilər. Bununla belə, məqalədə iki ölkə arasında qarşılıqlı etimadın aşağı səviyyədə qalması fonunda Takaiçinin sammitdə iştirak edib-etməyəcəyindən çox, orada hansı mövqe nümayiş etdirəcəyinin sual doğurduğu qeyd olunur.
“China Daily” hesab edir ki, Takaiçinin Çinlə sabit münasibətlərə maraq göstərməsi yalnız Pekinin deyil, Yaponiya biznesinin və seçicilərin təzyiqi ilə də bağlıdır. Qəzetə görə, baş nazirin reytinqinin aşağı düşməsi hökumətin ölkədə inflyasiya və zəif iqtisadi artımdan qaynaqlanan narazılıqları artıracaq yeni amildən yayınmasını zəruri edir.
Məqalədə Takaiçinin son çıxışında Çini “mühüm qonşu” adlandırdığı və qarşılıqlı faydaya əsaslanan strateji münasibətləri inkişaf etdirmək niyyətini açıqladığı xatırladılır. Eyni zamanda, onun Şərqi Çin və Cənubi Çin dənizlərində Yaponiya mövqeyini qətiyyətlə müdafiə edəcəyini bildirdiyi qeyd olunur.
Qəzetin fikrincə, Tokionun bu cür ziddiyyətli mesajları iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək etməyəcək. “China Daily” yazır ki, Pekin Yaponiyanı açıqlamalarından daha çox konkret addımlarına görə qiymətləndirəcək.
Qeyd edək ki, APEC İqtisadi Liderlər Görüşü noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.


